KAMAL ABDULLA -75
Azərbaycan elmi və bədii düşüncəsində bəzi şəxsiyyətlər var ki, onların avtobioqrafiyasında bir sıra məziyyətlər birləşib. Onlardan biri də yeni konsepsiyalar müəllifi olan Əməkdar elm xadimi, Xalq yazıçısı, ictimai xadim, akademik Kamal Abdulladır. Şanlı Zəfərimizin beçinci ilini qeyd etdiyimiz 2025ci ildə görkəmli alimin çoxşaxəli yaradıcılıq yolunun 55, ömür yolunun isə 75 ili tamam olur. Bu rəqəmlər hər hansı sadə xalq adamının yaşadığı illər deyil. Çoxşaxəli yaradıcılıq, gərgin əmək, saysız-hesabsız elmi-publisistik, ədəbi-bədii əsərlər, qazanılan saysız-hesabsız uğurlar, ali mükafatlar və yüksək fəxri adlar, təltiflər bu mənalı və şərəfli ömür yolunun silinməz səhifələrini təşkil edir.
Orta məktəb illərimlə bağlı belə bir işıqlı xatirəm var ki, o zaman ailəmiz Kamal Abdullanın zəngin məzmunu və maraqlı formatı ilə seçilən televiziya proqramlarına xüsusi diqqətlə, hətta pərəstişkarlıqla baxardı. Sabahısı gün bu verilişlərin mövzusu o təlatümlü illərin məktəblisinin müzakirəsinə çevrilirdi. Televiziyada 1980-ci illərdən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olan Kamal Abdullanı Azərbaycan gənci əsl vətəndaş-ziyalı kimi məhz o illərdən sevdi və özünün meyar simalarından birinə çevirdi. Mən də bir yeniyetmə kimi məhz o illərdən Kamal Abdulla imzasının izinə düşdüm və demək olar ki, bütün yaradıcılığını izlədim. Qeyri-adi erudisiya, kəskin duyum tərzi, modern üslubu, təfəkküründəki bədiilik, zamanı qabaqlayan düşüncələri bizi bir oxucu kimi öz sirli-sehirli dünyasına valeh etdi.
Elmi əsərlərindən əlavə, Azərbaycan və dünya ədəbi ictimaiyyətinin böyük rəğbətinə səbəb olan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” kimi son dərəcə dəyərli romanları, “Ruh” adlı pyeslər toplusu, “Tarixsiz gündəlik” povesti, kiçik hekayə və poeamalarının cəmləndiyi “Nar çiçəkləri”, “Qəribədi, deyilmi?!”, altı dildə çap olunan “Bir, iki, bizimki!” pyesi və s. adlı kitablarındakı dərin məzmunlu və maraqlı pyesləri, hekayələri, esseləri və digər yaradıcılıq nümunələri Kamal Abdulla imzasına geniş oxucu kütləsi və auditoriyası qazandırıb. Bütün bunlar onun görkəmli sima kimi ədəbiyyat və elm tarixindəki müstəsna yerini təmin edib, yazıçı-şair kimi könlümüzdə taxt qurmasına rəvac verib və hər dəfəsində oxucusuna yenidən sevdirib.
Qorqudşünaslığa əvəzsiz töhfə olan silsilə xarakterli fundamental əsərləri Kamal Abdullanın dilçilik və ədəbiyyatşünaslıq elminə misilsiz töhfələridir. “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud”, “ Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” və s. əsərləri dilçi alim Kamal Abdullanın ədəbiyyatşünas qələminin bəhrələridir. Bu məqamları boşuna xatırlamadıq, çünki dilçilik elmi sözçülüyü sevməyən, riyazi dəqiqlik tələb edən, konkretlik, lakoniklik sevən elmidir. Ona görə də ədəbiyyatşünas, həmçinin ədəbiyyat, söz-sənət adamı olan, qələminin axıcılığı ilə seçilən Kamal Abdullanın bədii təxəyyülünün nəticəsində ərsəyə gələn “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” əsəri də elmimizin bu sahəsindəki nadir nümunələrdəndir. Özünün miqyaslı elmi və ədəbi təfəkkürünün vəhdətindən yaranan bu kimi əsərlərilə Kamal Abdulla oxucunu həm düşündürür, həm öyrədir, həm də problemin dərinliyinə varmağa sövq edir. Amma ustalıqla, alimliklə yanaşı, əsl yazıçı məharətilə yazıldığı üçün bu ciddi əsərləri mütəxəssis olmayan oxucu da dərk edir. Beləcə, elmiliklə bədiiliyin sintezindən möhtəşəm bir nəticə alınır.
Bir kiçik haşiyə çıxaraq qeyd edim ki, 2011-ci ildə işıq üzü görən “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr” adlı əsərimi yazarkən Kamal Abdullanın sintaksislə bağlı əsərlərindən faydalanmağım və çoxsaylı istinadlarım onun bu sahədəki elmi fəaliyyətini örnək almağımdan qaynaqlanmışdı.
Azərbaycan dilçi alimlərinin, ələlxüsus da, qrammatiklərin masaüstü kitabına çevrilən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı fundamental monoqrafiyası haqqında nəzəri fikirlərimi daha geniş şəkildə bölüşmək istərdim. Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” monoqrafiyası Azərbaycan dilçilik elminin ən aktual problemlərindən birinə həsr olunub. Bu fundamental əsər indiyə qədərki ənənəvi dilçilikdə həmin sahə ilə bağlı bir çox qaranlıq mətləbin aydınlanmasına imkan yaratdı.
Kamal Abdulla dilçiliyin nəzəri əsaslarına dərindən bələd olan nəzəriyyəçi-qrammatik kimi uzun illərdir, bu sahədə sistemli və konseptual tədqiqatlar aparması ilə tanınan görkəmli dilçi alimlərdəndir. Belə ki, Kamal müəllimin Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etməsi və doktorluq mövzusunun da “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”nin müəyyən istiqamətlərinə həsr olunması haqqında bəhs açdığımız monoqrafiyanın bu qədər fundamental əsər kimi ortaya çıxmasının təməlini təşkil edib.
Məlumdur ki, fundamental, sanballı əsərlər qısa müddətdə ərsəyə gələ bilməz, bunlar uzun illərin əməyinin bəhrəsidir. Həqiqətən də, alimin hələ elmi-nəzəri istiqamətləri ilə seçilən, araşdırmalarının geniş diapazonunu özündə əks etdirən 80-ci illərdən sonra işıq üzü görməyə başlayan dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в Азербайджанском языке” , “Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Müəllif-əsər-oxucu”, “Azərbaycanda rus dili”, “Azərbaycanca danışaq” və s. bu kimi əsərləri bu fundamental əsərin bünövrəsini təşkil edir.
Monoqrafiya maraqlı sistem və quruluşu ilə diqqəti cəlb edir. Əsər 3 irihəcmli bölmədən ibarətdir ki, hər bölmə öz daxilində fəsillərə və yarımfəsillərə ayrılır. Bu mənim subyektiv fikrimdir: sanki bu əsər üç monoqrafiyanın sistemli və konseptual şəkildə birləşməsidir.
Sözügedən əsər Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə əks etdirir.
Monoqrafiyada Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri və eyni zamanda bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini üç sintaktik vahidin – sadə cümlənin, mürəkkəb cümlənin və mürəkkəb sintaktik bütövün öyrənilməsi üzərində qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsiplərinə əsasən, bu vahidlərə bütöv bir sintaktik baxış müəyyənləşdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.
Qeyd etdiyimiz kimi, əsər 3 böyük hissədən və hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Birinci hissənin ilk fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi “Kitabi-Dədə Qorqud” dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunur.
Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilir və mürəkkəb sintaktik bütöv – mətn tədqiqat obyekti kimi nəzərdən keçirilir, Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən bəhs olunur və bu istiqamətdə müəllifin apardığı dərin elmi araşdırmalar monoqrafiyada öz əksini tapır.
Tema və rema məsələsi sintaksisin ən aktual, mübahisəli və dilçidən cəsarat tələb edən mübahisəli məsələlərindəndir ki, dilçilk elmində müzakirə müstəvisinə gətirilən bu məsələ Kamal müəllimin əsərində öz uğurlu elmi həllini tapır.
Monoqrafiyanın nəticə bölməsində hər 3 hissədə gəlinən elmi nəticələr sistemləşdirilir, dildə həm sadə və mürəkkəb cümlə, həm də mətn səviyyəsində baş verən təşəkkülün bir-biri ilə sıx bağlı və paralel proses olduğu göstərilir. Akademik Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” monoqrafiyası Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik araşdırmalarını özündə əks etdirir. Kitabda Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən bəhs olunur və bu istiqamətdə müəllifin apardığı dərin elmi araşdırmalar monoqrafiyada öz əksini tapır.
Monoqrafiyada diqqətçəkən məqamlardan biri də müəllifin nəzəri fikirlərini əsaslandırmaq üçün gətirdiyi dil faktlarının bədii nəsr və nəzm nümunələrinin qədim və orta əsr, daha çox da “Kitabi-Dədə Qorqud” dastanları, “Bilqamıs” dastanı, bütövlükdə “Oğuznamələr” və klassik Azərbaycan ədəbiyyatından seçməsidir.
Müəllif əsərdə 230-dan çox elmi ədəbiyyatdan istifadə edib ki, bunların da bir xeylisi rus və digər dillərdədir. Alim məqamı gəldikcə Baskakov, Kononov, Şerbak, Serebrennikov, Peşkovskiy, Malov, Kuzneçov və digərləri kimi dünyaşöhrətli dilçi alimlərə istinad edir, həmçinin ümumiləşdirici təhlillər aparır.
Nəticə etibarilə qeyd edək ki, akademik Kamal Abdullanın dilçiliyimizin ən ağır və mübahisə doğuran sintaksis sahəsinə həsr olunan “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” monoqrafiyası bu sahədəki qaranlıq mətləblərə işıq tutacaq, dilçi alimlər üçün və tədqiqatçılar üçün əvəzsiz mənbə rolunu oynayacaqdır. Həmçinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiqlənmiş bu əsərin ali məktəblərin filoloq tələbələri üçün dərslik kimi faydalı olacağına da əminik.
Akademik Kamal Abdulla haqqında yazarkən və ya onun yaradıcılığına müraciət edərkən unudulmaz alimimiz, professor Yusif Seyidovun həmişə yaddaşımda mühafizə olunan fikirlərini bir daha xatırladım. O deyirdi ki, “Həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətində elmi dərəcə alan hər kəsə filoloq deyirlər. Əsl filoloq o alimdir ki, onun həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində fundamental əsərləri var”. Akademik Kamal Abdulla mükəmməl elmi fəaliyyəti ilə məhz belə bir zirvədə qərar tutub. Eyni zamanda, Xalq yazıçısı olaraq, Kamal Abdulla bədii yaradıcılıq sahəsində də ali ünvana ucalıb. Kamal Abdulla oxucularının bir qismi üçün görkəmli yazıcı, bəziləri üçün tanınmış ədəbiyyatşünas, digər qismi üçün dilçi alimdir. Kamal Abdulla Azərbaycan elmi, ədəbi mühitində öz dəsti-xətti olan, daima yenilikçi filoloq alimdir. Əsas odur ki, Kamal müəllim yanaşdığı hər bir mövzuya, böyük problemin əsas özəyi kimi baxıb və həlli yolunu praktik şəkildə göstərib.
Mən Kamal Abdulla ilə bağlı bir xatirəmi də oxucularla bölüşmək istəyirəm: 2020-ci ilin aprel ayı idi - pandemiya vaxtı illərdən bəri birikən düşüncələrimi elmi-publisistik üslubda yazdım və dövri mətbuatda çap elətdirdim. Qələmdaşlarımızdan biri mənə dedi ki, hələ dekabr ayına çox var, dedim ki, yubiley ilidir də, ayın nə fərqi var? Həm səbrim çatmır, həm də o vaxt azman şəxsiyyətlər yazacaq, mənim yazım çətin çap olunar... Bu müzakirələrdən sonra yazı çap olundu. Həftənin ilk iş günü mobil telefonuma tanımadığım nömrədən zəng gəldi: Dosent Zülfiyyə İsmayıldır? – dedi. Dedim bəli. Ağayana, eyni zamanda həlim və müdrik bir avazla dedi: “Nə bir kəlmə artıq, nə bir kəlmə əksik, necə var, elə yazmısız. Sizinlə danışan da Kamal Abdulladır.
Sonra məqalənin yazılması ilə bağlı minnətdarlığını elədi. Mənim tədqiqat sahəmdən, Naxçıvandakı öz məhəllələrindən və s. söhbət açdı... Açığı, barmaqlarım titrəyə-titrəyə dosent düşüncəsilə akademik haqqındakı yazıya məhz müəllifin özündən təşəkkür almağımı heç bir ali və ya maddi mükafat əvəz edə bilməzdi. Çünki insan həyatında sevinci, qüruru və həyəcanı – bu üç hissi çox az hallarda bir arada yaşayır. Mənim üçün tarixi anı tez gedib qonşu otaqdakı (AMEA Naxçıvan Bölməsində) AMEA-nın müxbir üzvü Əbülfəz müəllim və rəhmətlik professor Hüseyn müəllimlə paylaşanda, bizim bir xalq ifadəsi var – bir şəxsiyyətin titullarını saymaqdansa “O boyda!!” ifadəsini işlədirik: Əbülfəz müəllim də özünəməxsus tərzdə mənə dedi ki, xoşbəxt adamsan, o boyda Kamal Abdulla sənə “sağ ol” demək üçün nömrəni tapıb, sənə zəng edib. Onu da bil ki, hər adama zəng etməz!.. Bu xatirəmi 5 il sonra cari ilin sentyabr ayında Naxçıvan Dövlət Universitetində Kamal Abdulla ilə görüşdə eyni həyacanla kürsüdən deyəndə, yenə mənə fərqli bir qürür yaşatdı: Asta və həlim səslə dedi ki, ... elə yazı idi ki, elə xoşuma gəlmişdi ki, zəng etməyə bilməzdim.
Kamal müəllim bizimlə görüşlərin birində vurğuladı ki, bineyi-qədimdən ulularımızın da nitqindən nəsildən-nəslə keçən ən sevdiyim bir ifadə var: “De görüm, nə deyirsən!..” Mən də bu xatirəni dedim görəsiniz ki, Əməkdar elm xadimi, Xalq yazıçısı, ictimai xadim, akademik Kamal Abdulla eyni zamanda, sadə, təvazökar, kiçik əməyə böyük qiymət verən xalq adamı, el ağsaqqalıdır.
Azərbaycan ədəbiyyatında və elmində postmodern düşüncənin təcəssümü - Kamal Abdullaya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Zülfiyyə İsmayıl,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi