01 dekabr 2025 09:51
49

Ukraynanın xarici işlər naziri Azərbaycan stendi ilə tanış olub

Ukrayna xarici işlər nazirinin arvadı, Ukrayna Diplomatlarının Həyat yoldaşları Assosiasiyasının rəhbəri Tatyana Sibiqanın təşəbbüsü və Ukrayna Xarici İşlər Nazirliyinin dəstəyi ilə Kiyevdə illik “Charity Fair – 2025” Xeyriyyə Diplomatik Yarmarkası keçirilib.

“İki sahil” xəbər verir ki, Kiyev Səfirlərinin Həyat Yoldaşları Klubu və Kiyev Beynəlxalq Qadınlar Klubunun əməkdaşlığı ilə keçirilən xeyriyyə yarmarkasında Azərbaycanın Ukraynadakı səfirliyi də ölkəmizin milli stendi ilə təmsil olunub. Azərbaycan mətbəxinin nümunələri, milli suvenirlər və əl işləri təqdim edilib.

Ukraynadakı səfirliyimizin, Ukraynada fəaliyyət göstərən qadın iş adamlarının birgə dəstəyi ilə Azərbaycanın mədəniyyəti, mətbəxi təbliğ olunub. Kiyev sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən paxlava, şəkərbura, şərab və çay paylanılıb.

Tədbirdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xanımı Tatyana ilə xarici diplomatik missiyaların və ukraynalı istehsalçıların stendlərini ziyarət edib. Ukrayna XİN başçısı Azərbaycanın milli stendinə də baş çəkib, milli mətbəximizin, suvenirlərimizin nümunələri ilə tanış olub. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Andrey Sibiqaya Azərbaycanın milli stendinin nümunələrindən ibarət hədiyyə təqdim edib.

Tədbir zamanı 29 ölkənin diplomatik nümayəndəlikləri öz milli-mədəni irsini və adət-ənənələrini təqdim ediblər. Xeyriyyə təşəbbüsünə ukraynalı rəssamlar, sənətkarlar, dizaynerlər və ictimai təşkilatlar qoşulub. Ziyarətçilər ustad dərslərində bayram hədiyyələri almaq və ya onları uşaqları ilə birlikdə yaratmaq imkanı əldə etdilər.

Xeyriyyə festvalında soydaşlarımızın “Kavkaz” rəqs qrupunun milli rəqsləri iştirakçıların alqışları ilə qarşılanıb.