02 dekabr 2025 00:56
65

Azərbaycanda pambıqçılıq…

Nə qədər istehsal edirik, nə qədər satırıq?

Pambıq kənd təsərrüfatında ən strateji məhsullardan biridir. Ona görə ki, pambıq qlobal ticarətdə mühüm əmtəədir və bütün dünyada iqtisadiyyatlara və yaşayış vasitələrinə əhəmiyyətli təsir göstərir. Pambıq geyim və toxuculuqdan kağız və tibbi ləvazimatlara qədər müxtəlif məhsulların istehsalı üçün istifadə edilən dinamik təbii lifdir. Pambığa qlobal tələbat xam pambıq, pambıq toxumu, pambıq yağı, pambıq ipliyi və parça ilə əhəmiyyətli ticarətə səbəb olmuşdur.

Xüsusilə pambıqçılıq milyonlarla insanın gəlir mənbəyi olmaqla bərabər, həm də məşğulluq imkanları yaradır.

Hazırda dünyada təxminən 25 milyon ton pambıq istehsal olunur. Dünyanın ilk 10 pambıq ölkəsi Çin, Hindistan, Amerika Birləşmiş Ştatları, Braziliya, Avstraliya, Türkiyə, Pakistan, Özbəkistan, Argentina və Malidir.

Çin 6,684,000 ton istehsal ilə dünyanın ən böyük pambıq istehsalçısıdır. Hindistan 5.661.000 ton və ABŞ isə 3.150.000 ton illik pambıq istehsalı ilə ikinci və üçüncü yerləri bölüşürlər. 2024-cü ilin məlumatına əsasən, ölkəmizdə 68 min ton pambıq istehsal edilib.

Bu gün pambığın əkib-becərilməsində Azərbaycan dövlətinin fermerlərə böyük dəstəyi mövcuddur. Ölkəmizdə fermerlər üçün yaradılmış şəraitin başqa bir ölkədə analoqu yoxdur. Çünki onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi, istehsalçılara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır.

Xatırladaq ki, Azərbaycanda pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə edilmişdi. Həmin il respublikada 1 milyon tondan çox pambıq yığılmışdı. Sonra məlum səbəblərdən bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzül yaratdı. Hazırda dövlətin qeyri-neft sektorunun inkişafını prioritet elan etməsi nəticəsində bu sahədə də bir sıra uğurlu addımlar atılıb.

2025-ci ilin yanvar–sentyabr aylarına dair məlumatlar göstərir ki, Azərbaycanda pambıq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə qismən artsa da, regionlar üzrə məhsuldarlıq səviyyəsində ciddi fərqlər qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk doqquz ayında respublika üzrə 100 468,1 hektar pambıq sahəsinin məhsuldarlığı nəticəsində 21 145,6 ton pambıq yığılıb. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə 19 735,6 ton məhsul toplanmışdı. Beləliklə, pambıq istehsalında 1 410 ton və ya təxminən 7,1 faiz artım qeydə alınıb.

Azərbaycanın pambıqçılıq xəritəsində ən yüksək pay Mil-Muğan iqtisadi rayonuna məxsusdur. Bu bölgədə 40 517,5 hektar sahədən 11 708,4 ton pambıq yığılıb. Bu, ölkə üzrə ümumi pambıq istehsalının 55 faizindən çoxdur. Bu bölgədə pambıqçılığın əsas mərkəzləri olan rayonlarda nəticələr belə olub. Sabirabad rayonu – 11 086,2 hektar əkin sahəsindən 6 379,9 ton məhsul (məhsuldarlıq: 57,5 sent/ha), Saatlı rayonu – 12 634,1 hektardan 3 721,9 ton (29,5 sent/ha), İmişli rayonu – 7 898,9 hektardan 1 399,1 ton (17,7 sent/ha), Beyləqan rayonu – 8 898,3 hektardan cəmi 207,5 ton (2,3 sent/ha).

Bu nəticələr göstərir ki, eyni bölgə daxilində belə, məhsuldarlıqda kəskin fərqlər müşahidə olunur. Sabirabad və Saatlı pambıqçılıqda yüksək nəticələr göstərdiyi halda, Beyləqan rayonu ən zəif göstəricilərə malikdir.

Şirvan-Salyan iqtisadi rayonu üzrə ümumi yığım isə 6 884 ton, əkin sahəsi isə 24 865 hektar olub. Ən yüksək göstəricilər Salyan (3 831,8 ton) və Neftçala (2 290,8 ton) rayonlarında qeydə alınıb. Mərkəzi Aran iqtisadi rayonunda pambıq yığımı 1 867,5 ton təşkil edib. Burada Zərdab rayonu (1 736,7 ton) və Yevlax rayonu (130,8 ton) əsas paya sahibdir. Qarabağ iqtisadi rayonunda 615,7 ton pambıq yığılıb. Ən çox məhsul Bərdə (465,8 ton) rayonunda toplanıb. Gəncə-Daşkəsən iqtisadi rayonunda isə pambıq istehsalı 70,1 ton olub ki, bu da ən aşağı göstəricidir.

2025-ci ildə ölkəmizin dünya bazarlarına pambıq ixracında da ciddi artımlar var. Belə ki, cari ilin yanvar- oktyabr aylarında pambıq ipliyi ixracı 8.8 faiz artaraq 2.99 milyard ABŞ dolları təşkil edən qeyri-neft sektorunun tərkibində əhəmiyyətli paya malik olub.

Elçin Zaman, «İki sahil»