02 dekabr 2025 00:14
99

Minsk qrupu tarixin arxivinə gömüldü: Yaxın keçmişə baxış

Xəbər verildiyi kimi, ATƏT Minsk Prosesini və əlaqədar strukturları bağlayıb. Bu barədə təşkilatın bəyanatında qeyd olunub. “ATƏT Minsk Prosesinin və əlaqədar strukturların bağlanması üzrə işini 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Azərbaycan və Ermənistanın Finlandiyanın ATƏT sədrliyinə birgə müraciətindən sonra Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul etdiyi qərarına uyğun olaraq başa çatdırıb”, - bəyanatda deyilir. Həmçinin qeyd olunur ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. “Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları tarixi Birgə Bəyannamənin ardınca qəbul edilmiş ATƏT-in bütün 57 iştirakçı dövlətinin sentyabrın 1-də qəbul edilmiş konsensus qərarının icrası idi”, - mətndə qeyd olunur.

Minsk qrupunun tarixinə qısa ekskurs edək: SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, 1 yanvar 1995-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya ATƏT) işinə qoşuldular. 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu yaradıldı, 1997-ci ildən Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirdi. ATƏT-in Minsk qrupu ilə yanaşı, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi strukturlar da mövcud idi. Otuz ilə yaxın bir müddətdə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxardı.

2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi və münaqişənin hərbi-siyasi yolla həlli reallığa çevrildi. Prezidenti İlham Əliyev Vətən müharibəsindən dərhal sonra “Dağlıq Qarabağ”ın statusunun cəhənnəmə getdiyini elan etdi. Dövlət başçısı həmin vaxt həm də ATƏT-in Minsk qrupunun da fəaliyyətinin başa çatdığını bildirdi. O zaman bu məsələ bəzi dövlətlərə, təşkilatlara və şəxslərə mümkünsüz, qeyri-müəyyən bir məsələ kimi görünürdü. Artıq bu gün bunun nə qədər real bir məsələ olduğu bəlli oldu. Azərbaycan Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupu formatında olan görüşlərin keçirilməsini, həmsədrlərin Bakıya gəlməsini qəbul etmədi. Bütün təzyiqlərə rəğmən rəsmi Bakı geri çəkilmədi. Hətta münaqişənin həllindən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ATƏT-in Minsk qrupunun aktiv fəaliyyətə keçməsini təklif edənlər də oldu. Azərbaycan haqlı olaraq bu məsələyə də razılaşmadı. Münaqişəni həll edə bilməyən bir təşkilat illərlə müharibə şəraitində olan iki dövlət arasında münasibətləri necə tənzimləyəcəkdi? Aydındır ki, bu, mümkünsüz idi. Hətta ATƏT-in Minsk qrupu qurulmaqda olan kövrək münasibətləri daha da gərginləşdirə bilərdi. Ona görə də qrup bu proseslərdən kənarda saxlanıldı.

Azərbaycan daha sonra Minsk qrupunun ləğvi məsələsini gündəmə gətirdi. Rəsmi İrəvan bu faktdan Azərbaycanı, müsbət məcrada gedən sülh prosesini, sülh sazişi çalışmalarını və digər məsələləri şantaj etmək üçün yararlanmağa cəhd etdi. Ermənistan bunu Azərbaycana qarşı istifadə edərək Bakının haqlı tələblərinin qarşısını almaq üçün şərt kimi irəli sürməkdəydi. Fürsəti əldən vermək istəməyən xarici qüvvələr də bu prosesi qızışdırmağa başlamışdılar. Lakin Azərbaycan, Prezident İlham Əliyev geri çəkilmədi. Nəticə ortadadır. Vaşinqtonda 8 avqustda Azərbaycan-Ermənistan-ABŞ liderləri arasında əldə olunan razılaşmadan sonra Minsk qrupunun ləğv ediləcəyi artıq heç kimdə şübhə doğrumurdu. Vaşiqnton görüşündən dərhal sonra ATƏT-ə sədrlik edən Finlandiya artıq Minsk qrupunun ləğvi prosesinin başladığını, bununla bağlı tərəflərin müraciətlərinin öyrənildiyini elan etdi. Bundan sonra Fransa da həmsədr ölkə kimi Minsk qrupunun buraxılmasına etiraz etmədiyini açıqladı. Rusiya da bu prosesi dəstəklədiyini qeyd etdi. Moskvanın ATƏT-in Minsk qrupundakı təmsilçisi dekabra qədər prosesin başa çatacağını söylədi.

Minsk qrupunun ləğvi Ermənistanda və erməni diasporunun daxilindəki revanşist qüvvələrə ağır zərbə oldu. Ermənistanın keçmiş prezidentləri – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serjik Sarqsyan kimi siyasi fiqurlar illərlə “status” danışıqlarını uzadaraq, işğal faktını qorumağa çalışıblar. İndi isə həmin qüvvələrin əlində siyasi və diplomatik “tutacaq” qalmadı. Siyasi ritorikada “Qarabağ məsələsi” artıq manevr aləti kimi istifadə oluna bilməyəcək, çünki beynəlxalq hüquq müstəvisində bu mövzu bağlanmış hesab olunur.

Onu da qeyd edək ki, 30 illik fəaliyyəti dövründə Minsk qrupu cəmi iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı missiya göndərdi. Bu missiyaların isə beynəlxalq hüquqi müstəvidə heç bir real təsiri olmadı. Bu missiyalar arasında ötən müddət ərzində Ermənistan işğaldakı torpaqlarımızda daha aktiv və cəsarətli şəkildə dağıntılar həyata keçirdi, bu fəaliyyətin beynəlxalq səviyyədə cavabsız qalması isə işğalçının cəsarətini daha da artırırdı. ATƏT-in Minsk qrupunun susqunluğu isə faktiki olaraq bu prosesə dolayısı ilə dəstək verdiyini göstərirdi. Bu reallıqlar fonunda ATƏT-in Minsk qrupu təkcə öz fəaliyyətində deyil, ümumilikdə təmsil olunduğu beynəlxalq sistemin, yəni kollektiv təhlükəsizlik və hüquq əsaslı beynəlxalq münasibətlər prinsipinin uğursuzluğunu simvolizə edirdi.

Sevinc Azadi, “İki sahil”