01 dekabr 2025 22:37
140

Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün fiaskosu

Yaxud dövlətə və xalqa xəyanət yolu tutanların rəzil sonluğu

Dövlət Təhlükəsizlik Xidməti uzun müddətdir apardığı araşdırmalar nəticəsində Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planını ifşa etdikdən və məsələni ictimailəşdirdikdən sonra digər əsas fiqurların müəyyənləşdirilməsi və saxlanılması istiqamətində addımların atılacağını hər kəs gözləyirdi. Xüsusilə də xeyli müddətdir Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması üçün bütün təkliflərə açıq olan AXCP və “Milli Şura” ilə bağlı tədbirlər də diqqət mərkəzində idi.

Çünki AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə latent münasibətlərdə olması, onun tapşırıqlarını yerinə yetirməsi, hər iki şəxsin timsalında AXCP və “Milli Şura”nı hakimiyyətə təzyiq aləti kimi əlində saxlaması heç kəsə sirr deyil. O cümlədən Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri, Moskvanın "troya atı" rolunu ifa etməsi də heç kəsdə şübhə doğurmur.

Demək ki, mənzərə tam aydındır: Rusiya Ramiz Mehdiyev vasitəsilə, Ramiz Mehdiyev isə AXCP və “Milli Şura” xətti ilə

- hakimiyyəti daimi təzyiq altında saxlamaq,

- mühüm proseslər zamanı siyasi güzəştlərə məcbur etmək,

- hətta Moskvanın iradəsi ilə dövlət çevrilişinə cəhd etmək və s.

kimi işbirliyi piramidası təşkil edildiyi tam aydınlaşır.

Bu prosedə Rusiyanın məqsədi:

- "Sözə qulaq asan Azərbaycan" və Moskvanın iradəsinə tam olaraq tabe etdirilmiş Cənubi Qafqaz,

Ramiz Mehdiyevin məqsədi:

- Hakimiyyəti ələ keçirmək, ömrünün sonuna qədər Azərbaycan dövlətini və xalqını Rusiyanın istismarına vermək:

AXCP və “Milli Şura”nın timsalında Əli Kərimlinin məqsədi:

- Deyilənlərin fonunda formal müxalifət kimi daimi "çörək qazanmaq", monopoliyasını gücləndirmək və s.

Rusiyanın Ramiz Mehdiyevlə əlaqələri və xəbərləşmə metodları xüsusi xidmət orqanlarına bəllidir. Burada hər hansı sual yoxdur. O ki qaldı Əli Kərimli ilə Gültəkin Hacıbəyliyə, onlar təlimatları birbaşa Ramiz Mehdiyevdən alıblar. Əlbəttə ki, bu deyilənləri sübut edəcək faktlar da var.

Məsələn, Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və “Milli Şura” hər 3 aydan bir mitinq, aksiya təşkil edərdi. Lakin 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra AXCP və “Milli Şura” bir dəfə də olsun nə mitinq, nə də aksiya keçirdi. Eyni zamanda, Əli Kərimli heç zaman hər hansı bir çıxışında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Bütün aqressiya və tənqidləri, trol hücumlarını, sosial şəbəkə paylaşımlarını Prezident İlham Əliyevə qarşı istiqamətləndirib. Heç şübhəsiz ki, bunu da Ramiz Mehdiyevin təlimatına uyğun edib. Əgər belə olmasaydı, nə üçün Əli Kərimli dəfələrlə Ramiz Mehdiyevi müdafiə edən çıxışlar edib? Onun bu barədə çıxışları bu gün də sosial şəbəkələrdə qalmaqdadır.

Yaxud da, sual olunur ki, 2005-ci ildən sonra rəsmən heç bir yerdə işləməyən Əli Kərimli hansı vəsaitin hesabına yaşayır? Maşına yanacağı nə ilə alır, mühafizəçinin, sürücünün əmək haqqısını necə ödəyir, kommunal xərclərini hansı mənbə ilə qarşılayır? Bütün bunlar bir tərəfə, oğlu Türkeli Böyük Britaniyada ən bahalı universitetdə, qızı və kiçik oğlunu həmin ölkənin paytaxtı Londonda hansı pulla oxutdurub? Demək ki, Əli Kərimlinin "saxlayanı" olub. Görünür, bu "saxlayan" da elə Ramiz Mehdiyev olub.

Əgər Ramiz Mehdiyevin qurduğu ssenari olmasaydı, Əli Kərimli Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasovu, İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyovu, hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı, "Milli Şura"nı tanımazdı, bu "katyoldan" qidalanmaz, hər ay on minlərlə dollar da qatlamazdı.

Sual olunur ki, Rusiyada yaşamış Saleh Rüstəmli niyə və hansı mənbədən Əli Kərimliyə hər ay 20-30 min dollar pul göndərib, Əli Kərimli də öz növbəsində whatsAppda təşəkkür mesajları yazıb? Hətta, elə aylar olub ki, göndərilən pulun miqdarı 175 000 dollar olub. Demək ki, Əli Kərimli dövlət çevirilişi ilə bağlı Ramiz Mehdiyevin planında elə ilk vaxtlardan yer alıb və onun bütün xərclərini də Ramiz Mehdiyev kanalı təmin edib. Hətta, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ramiz Mehdiyev vasitəsilə Əli Kərimli 18 milyon manat vəsait əldə edib.

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapitalın çox cüzi bir qismi aksiyalara cəlb olunan şəxslərə də təklif olunub. Bu məqamda xüsusi olaraq xatırladaq ki, 2019-cu ildə şəhərin mərkəzində təşkil olunan aksiyalarda iştirak etmək üçün Gültəkin Hacıbəylinin sürücüsünün ayrı-ayrı şəxslərə 20 AZN vəsait paylaması da görüntülənmişdi.

Söz Gültəkin Hacıbəylidən düşmüşkən. Öncə sual olunmalıdır ki, bir zamanlar hakimiyyətin tərəfdarlarından olan, prezident seçkilərində cənab İlham Əliyevi müdafiə edən, onun haqqında uzun çıxışlar quran Gültəkin Hacıbəyli necə oldu ki, müxalif düşərgəyə keçdi? Yaxud, onun bütün karyerası boyunca keçdiyi yolu bilən Əli Kərimli niyə belə asanlıqla onu yaxınına buraxdı? Hansı xidmətlərinə görə o “Milli Şura”ya qəbul olundu? Əlbəttə ki, bütün bu sualların cavabı bir daha Ramiz Mehdiyev koordinatını bizə göstərir.

Əlqərəz, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı əldə etməyi bacarıb. “Milyarderlər İttifaqı”ndan, "Milli Şura"dan qazanan Gültəkin Hacıbəyli bir qədər də irəli gedərək "xidmət haqqı"nı Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında da alıb. DTX-nın araşdırmaları zamanı tam təsdiqini tapıb ki, Ramiz Mehdiyevin kürəkəninin sahibi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib. Birində özü yaşayır, birini isə icarəyə verib. Bununla da bəlli olur ki, 2010-cu ildən sonra rəsmən işsiz qalan Gültəkin Hacıbəylinin xərclərini də məhz Ramiz Mehdiyev qarşılayırmış...

Bir sözlə, bu gün cəbhəçi trollar, xaricdəki maraqlı qruplar nə qədər inkar etməyə çalışsalar da, bu həqiqətlərin üstünü örtə bilməyəcəklər. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Gültəkin Hacıbəyli isə artıq Türkiyədən deportasiya olunub.

Bu günə qədər aldadılmış, əslində Əli Kərimlinin ailəsinə xidmət etmiş, onun maraqları naminə həbsə düşmüş sadə cəbhəçilər nəhayət ki, gözlərini açsınlar, həqiqətləri görsünlər. AXCP NTK-dan Aydın Əliyev, AXCP Abşerondan Zaur Əliyev, AXCP RH üzvü olmuş Asif Yusifli, Şəmsi Kəsəmənli, Seymur Əhmədzadə, İsmayıl Cəfərsoy, Pərvin Hüseynli, AXCP Gəncədən Bəxtiyar Əlizadə və digərləri kimi ürəkli olun, Əli Kərimlinin əslində kim olduğunu, pul və vəzifə düşkünü olduğunu açıqlayın, əllərinizdəki cəbhə zəncirlərini qırın. Bilirik ki, sadə cəbhəçilər təhqirlərdən, linç olunmaqdan qorxurlar. Amma marahat olmasınlar. Artıq kimsə linç olunmayacaq. Çünki "linç maşını"na təlimat verən artıq ədalət mühakiməsindədir. AXCP asminoqunun qolları da "kəsilməkdədir"...

Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının sədri