01 dekabr 2025 19:46
103

Tramp Venesuela ilə bağlı Ağ Evdə iclas keçirəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bu gün axşam Venesuela ilə bağlı növbəti addımlara həsr olunmuş iclas keçirəcək.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki, görüşdə kabinetin və milli təhlükəsizlik komandasının əsas üzvlərinin iştirakı gözlənilir. Onların arasında müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Dövlət katibi Marko Rubio, eləcə də Ağ Evin aparat rəhbəri Syuzi Uayls və aparat rəhbərinin müavini Stiven Miller olacaq.

İclas saat 17:00-da Oval kabinetdə planlaşdırılır.

Ötən həftə Donald Tramp bəyan edib ki, ABŞ tezliklə Venesuelanın narkotik ticarətini yalnız dənizdə deyil, həm də quruda dayandıracaq. O, Nikolas Maduro ilə telefon danışığını təsdiqləyib, lakin müzakirənin detalları barədə açıqlama verməyib. Bununla yanaşı, administrasiya ötən həftə Maduronu və onun tərəfdarlarını rəsmi şəkildə xarici terror təşkilatının üzvləri kimi tanıyıb. Rəsmi şəxslərin fikrincə, bu addım ABŞ-nin Venesuela daxilində hərbi zərbələr endirmək imkanlarını genişləndirir.

Noyabrın 29-da ABŞ Prezidenti sosial şəbəkədə bəyan edib ki, Venesuela üzərindəki hava məkanı tamamilə bağlanacaq.