02 dekabr 2025 08:11
121

Rubio: ABŞ Ukrayna münaqişəsinə tez bir zamanda son qoyulmasını istəyir

ABŞ-ın Dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə telefon danışığı zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin tezliklə həllinə və davamlı sülhün təmin olunmasına sadiq olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət katibinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlama yayıb. Piqottun sözlərinə görə, Rubio və Vadeful Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün davam edən səyləri müzakirə ediblər. Rubio bir daha vurğulayıb ki, ABŞ-ın məqsədi münaqişəni mümkün qədər qısa müddətdə başa çatdırmaq və uzunmüddətli sülhə nail olmaqdır.

Vaşinqton bundan əvvəl Ukrayna üzrə 28 bənddən ibarət sülh planı təqdim etmişdi. Sənəd Kiyev və onun Avropadakı tərəfdaşları tərəfindən tənqid olunmuş və onlar mətnə ciddi düzəlişlər etməyə çalışmışdılar. Noyabrın 23-də ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə planla bağlı məsləhətləşmələr aparıblar.

Daha sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsinin ilkin sülh planı həm Moskva, həm də Kiyevin mövqelərini nəzərə almaq üçün yenidən işlənib və hazırda yalnız bir neçə mübahisəli məqam qalıb. Onun sözlərinə görə, planın bəndlərinin sayı 22-yə endirilib.