02 dekabr 2025 12:09
120

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

“İki sahil” bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir.

"Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır", - məlumatda deyilir.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.