02 dekabr 2025 15:09
69

İİTKM-in icraçı direktorunun müşaviri “DT4SME” tədqiqat proqramında çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova Almaniyanın Manhaym Universitetində keçirilən “Digital Transformation of SMEs” (DT4SME) beynəlxalq tədqiqat proqramının yekun konfransında iştirak edib. O, “Azərbaycanda pambıqçılıqla məşğul olan fermerlərin səmərəliliyinin qiymətləndirilməsi: inteqrasiya edilmiş DEA və Tobit modeli” (Investigating Efficiency of Cotton Growers and its Determinants in Azerbaijan: An application of the DEA and Tobit analysis) mövzusunda qrup tədqiqatı ilə çıxış edib. Təqdimatda müəlliflər tərəfindən riyazi optimallaşdırma metodları ilə Azərbaycanda pambıq istehsalında təsərrüfat səviyyəsində səmərəlilik göstəriciləri və onlara təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı aparılmış elmi tədqiqat layihəsinin nəticələri yer alıb.

“İki sahil” xəbər verir ki, beş gün davam edən proqram çərçivəsində rəqəmsallaşma, innovasiya və KOB-ların inkişafı üzrə elmi seminarlar, müzakirələr və təqdimatlar keçirilib. Proqramda Azərbaycanla yanaşı, Moldova, Ukrayna və Gürcüstandan olan tədqiqat qrupları iştirak edib və iki illik tədqiqat nəticələrini təqdim ediblər.

Karlsruhe Texnologiya İnstitutuna (KIT) səfər çərçivəsində Universitetin innovasiya ekosistemi ilə tanışlıq olub, “Real-World Laboratory Research” yanaşması üzrə təcrübə mübadiləsi aparılıb və “Gründerschmiede” startap mərkəzi ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbir Manhaym Universitetinin Kiçik və Orta Sahibkarlıq Tədqiqatları və Sahibkarlıq Mərkəzi tərəfindən təşkil olunub.