02 dekabr 2025 22:57
117

Vüsallaşan həsrətli günlər...

Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində canını sevdalandığı Vətənə fəda edən qəhrəman oğullardan biri də 1990-cı il dekabrın 17-sində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olan zəfər şəhidi Vüsal Kamran oğlu Kazımovdur. İki ali təhsilli, Vətən torpağının bütövlüyü uğrunda hər an canından keçməyə hazır olan Lənkəran elinin qəhrəman oğlu həqiqi hərbi xidmətini layiqincə yerinə yetirib və baş leytenant kimi doğmaların yanına qayıdıb. Bir müddət Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində Uşaq- Gənclər İdman məktəbinin direktoru vəzifəsində çalışıb.

Baş leytenant Vüsal Kazımov 2020-ci il 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb. Füzuli əməliyyatında, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azadlığı naminə böyük şücaət göstərib. Döyüş yoldaşları ilə birgə hər dəfə müqəddəs, ulu torpağın bağrına zəfər bayrağı sancanda Vətənə olan sevgisi, yağıya nifrəti daha da alovlanıb.

Neçə-neçə ağır müharibə meydanından qalib çıxan baş leytenant sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib. 29 noyabr 2020-ci il tarixində Lənkəranın Yuxarı Nüvədi kəndində böyük izdihamla uğrunda canından keçdiyi torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilib.

Təkcə öz ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün əziz olan Vüsalın yarımçıq arzularını cücərdəcək iki qız övladını bizlərə əmanət qoyub. Nuray və Aynur…

Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Kazımovun anım günündə Yuxarı Nüvədi kənd tam orta məktəbində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, millət vəkilləri Anar İsgəndərovun və Elçin Mirzəbəylinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımovun, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun, şəhid ailələrin, müharibə əlilləri və iştirakçıların, rayon sakinlərin iştirak etdiyi tədbirin rəsmi hissəsində Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı, məktəblilər tərəfindən Dövlət Bayrağı zala gətirildi və Dövlət Himni oxundu.

Açılış nitqində Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə böyük qayğı vardır. Bu istiqamətdə ardıcıl və sistemli işlər həyata keçirilir. Şəxsən dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində onların sosial müdafiəsi, mənzil təminatı, mənzil-kommunal şəraiti daimi yaxşılaşır.

Dövlət başçısı cənab İlham Əliyevin “Şəhid olmaq — xalqına, tarixə və gələcək nəsillərə misilsiz xidmət deməkdir” fikrini xatırladan icra başçısı bunun şəhid məfhumunun mahiyyətini, onun xalqımız üçün nə qədər müqəddəs olduğunu ən dəqiq şəkildə ifadə etdiyini vurğuladı. Onun sözlərinə görə, şəhidlərin yerini heç kim doldura bilməz, lakin onların ailələrinin yanında olmaq, onların ruhuna ehtiram göstərmək hər birimizin ən müqəddəs borcudur.

Millət vəkilləri Anar İsgəndərov, Elçin Mirzəbəyli öz çıxışlarında dedilər ki, qəhrəman şəhidlərimiz öz canları bahasına 30 il işğalda qalan Vətən torpaqlarını düşməndən azad etdilər, xalqımızın birliyini, iradəsini və gücünü bütün dünyaya göstərdilər. Azərbaycanın bugünkü gücü, sabitliyi, azad və müstəqil yaşamaq haqqı məhz şəhidlərin misilsiz fədakarlığı ilə bağlıdır. Sinəsini Vətənə sipər edənlər sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt əyilməz, heç vaxt haqqından dönməz.

Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında şəhid Vüsal Kazımovun qəhrəmanlığı və Vətən qarşısında göstərdiyi fədakarlığı nümunə göstərdi, şərəfli ömür yolu gələn nəsillər üçün örnək olacağını dilə gətirdi.

 

Şəhid atası, professor Kamran Kazımov öz növbəsində tədbir iştirakçılarını səmimi-qəlbdən salamladı, övladının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəb rəhbərliyinə və təşkilatçılara dərin təşəkkürünü bildirdi və dedi:- Vətən bayrağını uca tutan şəhid millətin əbədi şərəf zirvəsidir. Fəqət, bu cür tədbirlər təkcə şəhidlərin əziz xatirəsinin yaşadılması, onlara ehtiram deyil, həm də gənc nəslin Vətənə sədaqət və dövlətçilik ruhunda tərbiyəsinə mühüm töhfə verir. Məktəb kollektivinin göstərdiyi diqqət və həssaslıq şəhid ailələrinə mənəvi dayağın ən ali nümunəsidir və bu münasibət hər bir azərbaycanlının qəlbində xüsusi hörmət doğurur...

Rəsmi çıxışlardan sonra məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şerlər, poetik kompozisiyalar və “Azərbaycan”, “Mənim atam qəhrəmandır”, “Ana Can”, “Vətən əmanəti”, “Şəhid Vüsal Kazımov”, “Qayıdıram sənə Şuşa”, “Cənab Leytenant” və digər vətənpərvər mövzulu mahnılar tədbirə özgə bir ovqat qatdı.

Tədbirin sonunda məktəbin direktoru Ramiz Ramazanov şəhid Vüsal Kazımovun qəhrəmanlığını və Vtətən qarşısındakı fədakarlığını bir daha alqışladı, onun xatirəsinə dərin ehtiramını bildirdi. O, həmçinin məktəb kollektivinə, tədbir iştirakçılarına və qonaqlara təşəkkürünü və minnətdarlığını ifadə edərək göstərilən səylərin şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə verdiyi töhfəni vurğuladı.

Həmçinin rəsmilər zəfər şəhidi baş leytenant Vüsal Kazımov və Birinci Qarabağ müharibəsinin şəhidi Mais Mirzəcanovun məzarını ziyarət etdilər, Yuxarı Nüvədi kəndində yerləşən Vüsal Kazımov adına parkda oldular.

Yazımın tamamında Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri, gözəl qələm əhli Esmira İsmayılovanın bundan bir il qabaq şəhid Vüsal Kazımovla bağlı dediyi sözlər yadıma düşür: “ Vüsal Kazımovun qəhrəmanlığı göz qabağındadır. Vüsal Kazımov məmur övladı olmasına baxmayaraq, həm də ailənin tək övladı olaraq Vətən müharibəsinə şəxsən öz istəyi ilə getdi. İnanıram ki, ona vətənpərvərliyi, Vətənə sədaqəti və müharibədəki şücaətini nəzərə alıb Milli Qəhrəman adını verilməsindən ötrü Müdafiə Nazirliyi tərəfindən cənab Prezidentə məruzə olunar.”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü