03 dekabr 2025 00:16
95

Görülən işlər ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir - Qərbi Azərbaycana qayıdış

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışı soyadaşlarımızın öz doğma torpaqlarına qayıdış ümidinə bir daha işıq saçdı. Qərbi azərbaycanlılar tam əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qayıdacaq, ata-baba yurdlarında əbədi yaşayacaqlar. 

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olması barədə tarixi həqiqətləri daim vurğulayan dövlətimizin başçısı son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasının bütün beynəlxalq konsepsiyalara uyğun olduğunu diqqətə çatdırır.

Ölkəmizin başçısı  İlham Əliyevin noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağındakı tarixi çıxışında Qərbi Azərbaycanla və onun mərkəzi İrəvan şəhəri, bu tarixi torpaqlarımız haqqında söylədiyi mühüm fikirlər, Qərbi Azərbaycan tarixinin bütün məsələlərinin sistemli şəkildə tədqiq olunması və bu tədqiqatların bir neçə dilə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması məsələsini önə çəkməsi xalqımız üçün tarixi, elmi, siyasi, mənəvi-psixoloji əhəmiyyət kəsb edən böyük bir siyasi hadisə kimi qiymətləndirilir. Dövlətimizin başçısının son bəyanatlarından sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətində yeni mərhələ başlanıb, qarşıdakı dövr üçün strateji hədəflər müəyyənləşdirilib.

Dövlətimizin başçısının elan etdiyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” beynəlxalq hüquqa əsaslanan sənəddir. Reallıq budur ki, Qərbi Azərbaycan İcması, eləcə də müxtəlif təşkilatlar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, QHT-lər həmin çağırışa cavab verərək bu missiyanın reallaşdırılması üçün əllərindən gələni əsirgəmirlər. Qərbi Azərbaycan İcmasının müraciətlərinin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq qurumların rəsmi sənədi kimi yayılması, “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada beynəlxalq konfransın keçirilməsi və s. Qərbi Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılıması istiqamətində görülən işlərin bariz nümunəsididr.

Prezident İlham Əliyevin 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşklatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışışında bildirdi ki, keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Prezident onu da qeyd etdi ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair qəbul edilən “İstanbul Bəyyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışı təsdiqlənir. Həmçinin Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Dövlətimizin başçısı vurğuladı ki, Qərbi azərbaycanıların indiki Ermənistandakı öz dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Dövlətimizin başçısı 2025-ci il may ayının 21-də Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına ünavnaladığı müraciətdə bildirib ki, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir: “2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir”.

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki böyük Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb. Bu mənada bu gün Qərbi Azərbaycan mövzusu ümiddən daha çox əminliyə çevrilib. Hazırda bu istiqamətdə görülən işlər Qərbi Azərbaycana qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir.

Zahid Rza, “İki sahil”