Partiyanın amalı qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır
21 noyabr 1992-ci ildə Azərbaycanın ən ağır şəraitdə yaşadığı bir dövrdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. O illərdə Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi. Ölkədə xaos yaradan proseslər, hərc-mərclik, respublikanı uçuruma aparırdı. Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıqsızlığı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar. Taleyi müəmmalı olan Azərbaycanda yaranan gərginlik, bir-birindən mürəkkəb olduğu qədər də təhlükəli hadisələr siyasi, iqtisadi, hərbi böhran Azərbaycanın varlığı üçün təhlükə yaratmışdı. Xalqla iqtidar arasında böyük uçurum yaranmışdı. “Baxmayaraq ki, o vaxtkı iqtidar cəmi bir il hakimiyyətdə idi. Onlar cəmi bir il hakimiyyətdə qala bildilər. Baxmayaraq ki, onların əlində bütün imkanlar var idi. Ancaq antimilli siyasət, Azərbaycan maraqlarına uyğun olmayan hərəkətlər, bacarıqsız rəhbərlik və əslində Azərbaycanda müstəqilliyin əməldə yox, sözdə olması, əlbəttə ki, bu iqtidarın ömrünü uzun edə bilməzdi.”
O dövrdəki hadisələri bu sözləri ilə xarakterizə edən Prezident, YAP sədri İlham Əliyev onu da bildirir ki, belə bir çətin dövrdə ölkə ziyalılarının ona ünvanlanan müraciətinə müsbət cavab verən Heydər Əliyevin sədrliyi ilə hazırda regionda siyasi çəkisinə görə öndə gedən qüdrətli təşkilat yarandı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə xalqa güvənən ulu öndər Heydər Əliyevin iştirakı ilə hazırlanan partiyanın Nizamnamə və Proqramında müstəqilliyin əbədiliyi, gələcək inkişaf konsepsiyası başlıca məqsəd və amal kimi əksini tapdı.
“Bir məsələni də qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə , dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara qarşı müxalifətdə idik” söyləyən partiyanın sədri onu da bildirir ki, 21 noyabr 1992-ci ildə Naxçıvana yığışan, təsis konfransında iştirak edən insanlar əsl vətənpərvərlər idi. Bu o vaxtlar idi ki, ölkədə azad söz boğulur, mətbuata senzura tətbiq edilir, özlərindən başqa fikirdə olanlara fiziki, mənəvi təzyiqlər göstərilirdi. Sərbəst toplaşmaq ümumiyyətlə qadağan idi. Üstəlik Heydər Əliyevin siyasi nüfuzu, xalq arasındakı hörməti Bakıdakı səbatsız rəhbərliyi narahat edir, siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün ən çirkin siyasətlərə əl atırdılar. Lakin heç bir təhdiddən qorxmayan, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar Ulu Öndərin ətrafında birləşərək YAP-ı yaratmaqla Azərbaycan xalqının taleyini, gələcəyini müəyyənləşdirdi, insanların iradəsinə arxalanaraq milyonları arxasınca apardı. Ulu Öndərin hakimiyyətə qayıdışı, siyasi proseslərə rəhbərlik etməsi Azərbaycanın siyasi, iqtisadi uğurunu təmin edən başlıca şərt oldu. Azərbaycan xalqı növbəti dəfə siyasi müdrikliyini göstərərək, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini tələb etdi.
O dövrdə Azərbaycanı bürüyən siyasi, iqtisadi gərginlik, vətəndaş müharibəsi təhlükəsinin yaranması maliyyə böhranı, Ermənistanın torpaqlarımıza təcavüzü kimi həlli çətin məsələlər möhkəm siyasi iradə, qətiyyət, dövlətçilik təcrübəsi, ən əsası isə xalqına, torpağına bağlılıq, yanğı tələb edirdi. Ölkənin taleyini bazar iqtisadiyyatına keçməklə müəyyənləşdirən Ulu Öndər respublikada siyasi sabitliyin yaranması üçün önəmli addımlar atdı, müxtəlif partiyalara xidmət edən qeyri-qanuni silahlı birləşmələri ləğv etdi, ölkədə asayiş bərpa olundu.
YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin partiyanın II qurultayında söylədiyi kimi Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətlə bağlı bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək, xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun zərurətdən yaranmış bir partiya olmaqla qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan partiyanın lideri kimi bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi.
Tarixi hadisə olan partiyanın yaranması ölkəmizin inkişafına güclü təsir göstərdi, təkmilləşdi, xalqın inam və etimadını doğrultdu. İqtidar partiyası kimi ictimai rəyin formalaşmasında böyük xidmətləri olan YAP ölkədə milli birlik və həmrəyliyin güclənməsində də öz sözünü dedi. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətində bu prinsipləri əsas götürdü: Azərbaycanda güclü dövlət yaranmalı, insanların həyat səviyəsi yüksəlməli, sabitlik, inkişaf davamlı proses kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməli.
İlk günlərdən xalqın partiyası kimi fəaliyyətə başlayan YAP bu gün də əqidəsinə sadiqdir. Azərbaycanın uğurlarını şərtləndirən islahatların təməlində Heydər Əliyev ideyalarının dayandığını qeyd edən Prezident İlham Əliyev ölkəmizi dünyada tanıdan enerji və nəqliyyat layihələrinin Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strategiyaya uyğun davamını da bu siyasətin nailiyyətləri kimi dəyərləndirir. “Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda bizim üçün birinci dərəcəli vəzifə Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Azərbaycan xalqının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması bizim üçün çox vacibdir” söyləyən cənab İlham Əliyev dəfələrlə bildirir ki, iqtisadi böhranlara baxmayaraq bütün sosial layihələr, islahatlar yerinə yetirilir. Ölkə iqtisadiyyatının inkişafında aparıcı rolunu eyni siyasətə sadiqliyi ilə davam etdirən partiya üzvləri təşəbbüskarlıqları ilə də avanqard qüvvə kimi inamla addımlayırlar.
Müstəqilliyimizlə yaşıd, vahid siyasi qüvvə kimi monolitliyini əməli fəaliyyəti ilə təsdiqləyən partiyanın ölkənin daxili və xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsində rolu danılmazdır. Neft-qaz layihələrinin şaxələndirilməsində maraqlı olan ölkəmizin təşəbbüskarlığı, enerji layihələri bütünlükdə bölgənin, Avropa İttifaqı dövlətlərinin maraqlarına xidmət edir. Azərbaycan TANAP, TAP, “Cənub Qaz Dəhlizi” kimi layihələrin əsas iştirakçısı, təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar enerji təhlükəsizliyi ilə bağlı şaxələndirmə siyasətini istiqamətləndirir. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən konkret proqramlar, qlobal enerji, nəqliyyat layihələri uğurla icra olunur. Olimpiya kompleksləri, məktəblər, səhiyyə ocaqları tikilir, ölkənin tam qazlaşdırılması siyasəti davam etdirilir. İnfrastruktur layihələrinin coğrafiyası genişləndirilir. Azərbaycanın müasirləşməsi, Qərb ilə Şərq arasında körpü rolunu oynaması, sivilizasiyalar məkanı kimi tanınması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi iqtidar partiyasının xidmətidir.
Azərbaycanda demokratiya inkişaf etməklə söz, mətbuat, din, vicdan, sərbəst toplaşma azadlıqları mövcuddur. Azad internet fəaliyyət göstərir, dini zəmində , təriqətlər və konfessiyalar arasında heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda ölkə əhalisinin 75 faizdən çoxunun azad internetdən istifadə etməsi də söz, mətbuat, insan hüquq və azadlıqlarının təminatına nümunədir.
Ölkəmiz az sayda dövlətə nəsib olan kosmik klubun üzvünə çevrilib.
Qloballaşan dünyada sivilizasiyalar, siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsini, dialoqun inkişaf etdirilməsini beynəlxalq əməkdaşlığın əsas amili kimi daim diqqətdə saxlayan YAP-ın bu istiqamətdə apardığı siyasət və əməkdaşlıq uğurla nəticələnir.
Mükəmməl təcrübəyə malik YAP-ın təşəbbüsü ilə Bakıda keçirilən “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “Keçid cəmiyyətlərində demokratiya”, “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” adlı beynəlxalq elmi -praktik konfransların təşkilində məqsəd siyasi partiyaların diqqətini sivilizasiyalar arasında qarşıdurmalara, onların törətdiyi fəsadlara yönəltmək, yaranmış gərgin vəziyyətdən çıxış yollarını araşdırmaqdır. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilən “Asiyada Təhlükəsizlik: sülh və əməkdaşlıq” adlı yığıncağında ölkəmizin bu sahədəki mövqeyi yüksək dəyərləndirildi. Azərbaycanda dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən belə tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə demokratik dəyərlərin qorunub, inkişaf etdirilməsinə, sosial-iqtisadi problemlərin həllinə böyük önəm verilir. Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, “İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlət başçımız, YAP Sədri İlham Əliyev dəfələrlə “İlin adamı” seçilmişdir. İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası genişləndirilir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə töhfəsini verir. Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi ilə bağlı qanunların qəbulu Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Ölkəmizdə milli və dini azadlıqlar tam təmin olunmuş, Azərbaycanın tolerantlıq təcrübəsi başqalarına nümunə göstərilir. Tolerant, multikulturalizm, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycana marağın artması ölkəmizin dəstəklənən beynəlxalq mövqelərini möhkəmləndirir. Bakıda keçirilən Humanitar, İqtisadi Forumlarda, Mədəniyyətlərarası Dialoqlarda, sammitlərdə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” kimi mühüm beynəlxalq konfransda qeyd olunduğu kimi dünyanın heç bir ölkəsində müxtəlif xalqların və millətlərin nümayəndələrinə Azərbaycanda olduğu qədər azad sərbəst yaşamaq imkanları yaradılmamışdır. Azərbaycan dünyada ən yüksək sosial, iqtisadi və siyasi uğurlara nail olub. Əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının rolu, fəaliyyəti, öndərliyi beynəlxalq səviyyələrdə belə təsdiqini tapan həqiqətdir. Elə buna görədir ki, bütün siyasi kampaniyalarda opponentlərini üstələyən, ümumxalq etimadı qazanan YAP qalib siyasi təşkilat, yenilməz vahid qüvvə olduğunu təsdiqləyir. Prezident, parlament, bələdiyyə seçkilərində, referendumlarda partiyaya olan ümumxalq inamı milyonların etimadı bir daha təsdiqləyir ki, məqsədi, məramı Vətənə, dövlətçiliyə xidmət olan YAP xalqın partiyasıdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu