İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı “IDDA Awards” müsabiqəsində “İlin Ekosistem Oyunçusu” nominasiyasında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, müsabiqənin ictimai səsvermə mərhələsi başa çatıb. Səsvermə nəticələrinə əsasən, “Enterprise Azerbaijan” finala keçən 5 namizəddən biridir. Bu, ekosistem iştirakçılarının və ictimaiyyətin platformaya göstərdiyi etimadın nəticəsidir. Finalda isə namizədlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“Enterprise Azerbaijan” portalı ölkəmizdə innovasiya və sahibkarlıq ekosisteminin inkişafına mühüm töhfələr verir. Portal startapların potensialının artırılması, onların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ layihələrin reallaşdırılması, beynəlxalq tərəfdaşlıqların qurulması, investisiya cəlbediciliyinin gücləndirilməsi, startap–investor əlaqələrinin təşviqini həyata keçirir. Bu fəaliyyətlər “Enterprise Azerbaijan”ı həm yerli, həm də beynəlxalq səviyyədə innovasiya ekosisteminin aparıcı oyunçularından birinə çevirir.
Portalın “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı 2025-ci ildə ən geniş əhatəli və təsirli təşəbbüslərdən biri kimi yadda qalıb. Proqram yüzlərlə startapın inkişafına, qlobal mentor şəbəkəsinə çıxışına və yaşıl-rəqəmsal transformasiya sahəsində yeni həllərin formalaşmasına təkan verib.