04 dekabr 2025 09:36
73

Orta Dəhliz Zəngəzur yolu layihəsi ilə güclənir: Azərbaycan regionun strateji tranzit qovşağına çevrilir

Rauf Ağamirzəyev: Azərbaycan sanksiyalardan kənar, etibarlı və rəqabətli tranzit marşrutudur

Son illərdə qlobal nəqliyyat və logistika sektorunda baş verən dəyişikliklər regional daşımaların strukturuna da ciddi təsir göstərir. Yeni geosiyasi reallıqlar, yük axınlarının istiqamətinin dəyişməsi və rəqəmsallaşma proseslərinin sürətlənməsi ölkələri nəqliyyat şəbəkələrini daha çevik və rəqabətqabiliyyətli model üzərində qurmağa sövq edir. Azərbaycan isə bu şəraitdə strateji coğrafi mövqeyi, müasir infrastruktur layihələri və genişlənən beynəlxalq tərəfdaşlıqları sayəsində mühüm tranzit mərkəzinə çevrilməkdədir. Hazırda ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində oynadığı rol yükdaşımaların səmərəliliyinin artırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və multimodal daşımaların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin mövzu ilə bağlı “İki sahil” qəzetinə müsahibəsində məhz bu kontekstdə səsləndirdiyi fikirlər regional nəqliyyat siyasətinin hazırkı vəziyyətinin qiymətləndirilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük maraq doğurur.

Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırıb

- Rauf müəllim, Azərbaycanın tranzit potensialının artırılması baxımından son illərdə reallaşdırılan nəqliyyat-logistika layihələrinin effektivliyini necə qiymətləndirirsiniz?

- Son 20 ildə Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yönəldilib. Həm hava limanlarının yenidən qurulması, həm avtomobil yollarının - xüsusilə də hər bir istiqamətə uzanan avtomagistralların inşası, dəmir yolu infrastrukturunun mərhələli şəkildə təkmilləşdirilməsi və limanların modernləşdirilməsi bu sahədə atılan əsas addımlar sırasındadır. Bundan əlavə, ölkə ərazisində qaz və neft məhsullarını daşıyan boru kəmərləri də geniş şəkildə inkişaf etdirilib.

Bu beş nəqliyyat növü üzrə (hava, avtomobil, dəmir yolları, dəniz və boru kəmərləri) Azərbaycan müxtəlif logistik təkliflərə hazırdır. Yükdaşıma tələbatı hansı nəqliyyat növü ilə olursa olsun, Azərbaycan bu daşımaları həyata keçirmək imkanına malikdir.

Hazırda regionda baş verən geosiyasi dəyişikliklər fonunda nəqliyyat dəhlizlərinin sinxronlaşdırılması, rəqəmsallaşdırılması və texnoloji təkmilləşdirilməsi zəruridir. Bu, tranzit yüklərin vahid dəhliz boyu fasiləsiz və sürətli hərəkətini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Orta Dəhliz və Zəngəzur layihələri

- Orta Dəhliz üzrə yükdaşımaların artması üçün hazırda ən vacib institusional və infrastruktur addımlar nələrdən ibarətdir? Bu istiqamətdə ölkələrarası koordinasiya hansı səviyyədədir?

- Orta Dəhliz üzrə Azərbaycan ərazisində şaxələndirmə və infrastruktur işləri aktiv şəkildə davam etdirilir. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə tikinti işləri də sürətlə gedir və yaxın illərdə istifadəyə verilməsi planlaşdırılır. Ələtdən Horadizə qədər olan hissənin isə 2028-ci ildə tam istismara verilməsi nəzərdə tutulur.

Hazırda ölkəmizin dəmir yollarının 60%-i elektrikləşdirilib. Elektriklənmiş dəmir yolu elektriklənməmişlə daşınma qiymətində 40% fərq edir. Amma dəyişən cərəyan daha 20% ucuz daşınmağa imkan yaradır. Elektrikləşdirilmiş hissələrdən biri olan Hacıqabul-Böyük Kəsik xətti artıq dəyişən cərəyan sisteminə keçib. Gələcək perspektivdə digər istiqamətlərin də bu sistemə keçidi planlaşdırılır. Düşünürəm ki, istənilən istiqamətə dəmir yolu xətti varsa onun elektiklənməsi təmin olunmalıdır. Bu, Azərbaycanın dəmir yolu sistemində fərqli istiqamətlərə yükdaşımanın effektivliyinə, sürətinə birbaşa təsir edən məqamlardandır. Artan yükdaşıma tələbinə uyğun olaraq yük vaqonlarının, stansiyaların, stansiyalara gedən yolların yenilənməsinə ciddi ehtiyac var. Növbəti illərdə bu istiqamətlərdə müvafiq həll proseslərinin şahidi olacağıq.

- Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat xəritəsini necə dəyişə bilər? Bu layihənin həm iqtisadi, həm də geosiyasi təsirləri barədə nə deyə bilərsiniz?

- Zəngəzur və Orta Dəhliz üzrə infrastruktur inkişaf edir. Zəngəzur dəhlizi də daxil olmaqla, Azərbaycandan keçən Orta Dəhliz üzrə yolların əhəmiyyəti sürətlə artır. Regionda reallaşdırılan genişmiqyaslı nəqliyyat layihələri Orta Dəhlizdə yükdaşıma imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Gömrük-keçid məntəqələrində rəqəmsal həllər tətbiq olunur

- Dünyada logistika xidmətlərinin rəqəmsallaşması sürətlənir. Azərbaycan bu prosesə necə inteqrasiya olunur və rəqəmsal həllərin tətbiqi tranzit axınlarına hansı üstünlüklər qazandıra bilər?

- Azərbaycan tranzit və yükdaşıma sahəsində rəqəmsal həllərin tətbiqini genişləndirir. Artıq avtomobil yollarında və gömrük-keçid məntəqələrində bu cür texnoloji yeniliklər tətbiq edilməyə başlanılıb. Hazırda Qırğızıstan, Özbəkistan və Türkiyə kimi ölkələrlə əməkdaşlıq çərçivəsində nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması və elektron icazə blanklarının alınması kimi sistemlərə start verilib. Digər qonşu ölkələrlə də bu istiqamətdə danışıqlar aparılır. Bu addım həm rəqəmsallaşmaya sürətli keçidi təmin edir, həm də sənədləşmədə şəffaflığı artırır.

Eyni zamanda, sərhəd-keçid məntəqələrində elektron növbə sistemi tətbiq olunur və "yaşıl dəhliz" prinsipi əsasında daha operativ keçid mexanizmləri qurulur. Bu isə yük avtomobillərinin gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır. Gələcək mərhələdə bu cür rəqəmsal həllərin dəhliz boyu yerləşən bütün iştirakçı ölkələrlə sinxronlaşdırılması və qarşılıqlı məlumat mübadiləsinin təşkili planlaşdırılır. Rəqəmsal həllərin inteqrasiyası vacib amildir. Hazırda bu istiqamətdə danışıqlar və texniki hazırlıq işləri davam etdirilir.

Azərbaycan regionun əsas tranzit ölkəsinə çevrilir

- Cari geosiyasi gərginlik fonunda beynəlxalq yük axınlarında müşahidə edilən dəyişikliklər Azərbaycan üçün nə kimi yeni imkanlar açır və hansı riskləri artırır?

- Son dövrlərdə Zəngəzur dəhlizi və ümumilikdə Orta Dəhliz, yəni Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat marşrutu üzrə yolların əhəmiyyəti durmadan artır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda alternativ quru dəhlizlərinə olan maraq nəzərəçarpacaq dərəcədə artıb. Hazırda Orta Dəhliz üzrə yeganə sabit və sanksiya tətbiq olunmayan marşrut məhz Azərbaycanın ərazisindən keçir. Bu isə ölkəmizi regional və qlobal logistikada mühüm tranzit qovşağına çevirir. Azərbaycanın strateji coğrafi mövqeyi və son illərdə yaradılan şaxələndirilmiş nəqliyyat infrastrukturu – o cümlədən magistral yollar, dəmir yolları, hava limanları və liman kompleksləri – ölkəmizin Cənubi Qafqazda və daha geniş coğrafiyada rolunu gücləndirir. Yaxın 5 il ərzində dəhlizə daxil olan ölkələr arasında həyata keçirilən birgə layihələr Orta Dəhliz üzrə yükdaşımaların həcmini və marşruta olan marağı artıracaq. Bu ilin sonuna qədər Gürcüstan–Şərq-Qərb dəhlizi üzrə dəmir yolu marşrutunda tranzit müddətinin 24 saatdan 12 saata endirilməsi planlaşdırılır. 2026-cı ildən etibarən isə daha sürətli qatarların hərəkəti təmin olunacaq.

Azərbaycanın təşəbbüsü ilə tikilən Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi istiqamətində işlər davam edir. Türkiyə ərazisində həyata keçirilən layihələrin yaxın 5 ildə tamamlanması nəzərdə tutulur. Bu isə həmin xətt üzrə yükötürmə qabiliyyətini 5 milyon tondan 20 milyon tona qədər artıracaq.

2026-cı ildən etibarən Gürcüstanda yük qatarları daha sürətli hərəkət edəcək. Bu artım Kveşeti–Xaraqauli–Zestafoni dəmir yolu sahəsinin açılması, marşrutun modernləşdirilməsi və rəqəmsallaşdırılması sayəsində mümkün olacaq. Yeni xətt tranzit müddətini 24 saatdan 12 saata endirəcək.

Orxan Vahidoğlu, “İki sahil”