Maarifləndirici tətbiqlərindən tutmuş axşam yeməyindən əvvəlki "YouTube" izləmələrinə qədər ekran vaxtı ailələrin gündəlik həyatına möhkəm daxil olub. Lakin rəqəmsal cihazlardan artan asılılıq mühüm bir sual doğurur: Bu, uşaqların inkişaf edən beyinlərinə necə təsir edir? Rəqəmsal cihazlar sadəcə müasir vasitədir, yoxsa gənclərin zehinlərini korlayan üsul?
İngiltərənin Altrincham bölgəsində yerləşən "Priory Hospital Altrincham" psixi sağlamlıq xəstəxanasının psixiatrı Samir Şah xəbərdarlıq edir ki, ekran qarşısında çox vaxt keçirmək uşağın beyninin inkişafına və funksiyasına əhəmiyyətli təsir göstərə bilər: “Araşdırmalar göstərib ki, müntəzəm və həddindən artıq ekran qarşısında olmaq həm yaddaş və planlaşdırma kimi funksiyalara cavabdeh olan beyin sahələrinin fiziki strukturunu, həm də beynin müxtəlif hissələrinin bir-biri ilə əlaqəsini dəyişə bilər,”
Samir Şahın "beyin şəbəkəsinin əlaqələndirilməsi" adlandırdığı bu halı yolda təmir gedərkən marşrutun başqa istiqamətə yönləndirilməsinə bənzətmək olar- dəyişən yollar gözlənilməz nəticələrə səbəb ola bilər.
Doktor deyir ki, ekran önündə həddindən artıq vaxt keçirmək diqqət müddətinin azalması, problem həll etmə bacarığının zəifləməsi və eyni anda bir neçə iş görməkdə çətinlik çəkmək də daxil olmaqla bir sıra koqnitiv problemlər ilə əlaqələndirilib. Bununla da diqqəti dəyişdirmək, fokuslabnaq və mürəkkəb idrak tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə mənfi təsirlənə bilər:
“O, yalnız bir əzələ qrupunu məşq etdirməyə bənzəyir. Diqqət və özünü idarə etmə kimi digər vacib zehni əzələlər kifayət qədər istifadə olunmasa zəifləyə bilər.”
Bəs dopamin və ya beynin mükafat sistemi ekran önündə çox vaxt keçirmə vərdişində hansı rolu oynayır?
Doktor Şahın sözlərinə görə, rəqəmsal cihazlardan daimi istifadə beynin xoşbəxtlik hormonu olan dopaminin ifrazını stimullaşdırır: “Bu isə həmin həyəcanı yenidən əldə etmək üçün daha çox ekran vaxtına ehtiyac duyulan bir dövr yaradır. Bu, qapını təkrar-təkrar açıb həyəcanla bir qonaq gözləməyə bənzəyir.
Zaman keçdikcə real həyatdakı fəaliyyətlər daha az maraqlı gəlməyə başlayır. Buna görə də kompüterdən müntəzəm istifadə edən uşaqlar və yeniyetmələr sosial əlaqələri qorumaqda və qurmaqda çətinlik çəkirlər."
Ekran vaxtı uşaqlarda narahatlıq və ya əhval pozuntularına kömək ola bilərmi?
Samir Şah bildirib ki, araşdırmalara əsasən, gündə dörd saatdan çox ekran qarşısında vaxt keçirən yeniyetmələr və uşaqlar həyəcan pozuntularına (anksiyete) və depressiyaya yüksək səviyyədə məruz qalırlar: "Rəqəmsal ekranların daimi və davamlı stimullaşdırılması gənc beyinləri daha yüksək dopamin səviyyələri ilə həddən artıq həyəcanlanmış, lakin emosional olaraq tamamlanmamış hiss etdirə bilər."
Mütəxəssis əlavə edib ki, ekran önündə çox vaxt keçirən uşaqlarda bəzən məyusluq, qıcıqlanma müşahidə olunur və onlar sosial siqnalları qəbul etməkdə çətinlik çəkirlər: "Daha az üz-üzə və birbaşa qarşılıqlı əlaqə empatiya və münaqişələrin həlli kimi mühüm sosial və icra bacarıqlarını tətbiq etmək üçün daha az imkan və şans deməkdir."
Uşaqların beyni ekran təsirlərinə böyüklərdən daha həssasdırmı?
Doktor Şah qeyd edib ki, uşaqların beyni süngər kimidir, təcrübələri inanılmaz sürətlə özünə çəkir: “Xüsusən beş yaşdan əvvəl və yeniyetməlikdən öncəki dövrlər beynin ən sürətli inkişaf etdiyi mərhələlərdir. Bu mərhələlərdə çox ekran vaxtı böyüklərlə müqayisədə daha uzunmüddətli təsirlərə səbəb ola bilər.”
Ekran qarşısında uzun müddət vaxt keçirən uşaqların beyin görüntülərində hansı dəyişikliklər müşahidə olunub?
Samir Şahın sözlərinə görə, araşdırmalar göstərib ki, ekran qarşısında çox vaxt keçirən uşaqların beyinlərinin MRT müayinələrində fiziki dəyişikliklər müşahidə olunub: “Bunlara qərar verməyə cavabdeh olan nahiyələrin incəlməsi, fokus və diqqəti idarə edən hissələrdə əlaqələrin dəyişməsi, dil üçün vacib olan sahələrdə boz maddənin azalması daxildir. Bu hər zaman zədə demək deyil, lakin uzunmüddətli ekran istifadəsinin beynin fərqli şəkildə uyğunlaşmasına səbəb ola biləcəyini göstərir. Bunu dəyişmiş adaptasiyalar və pozulmalar kimi təsvir etmək olar.”
Bəs düzgün yanaşma necə olmalıdır?
Psixatrın məsləhətinə əsasən, burada əsas məsələ balans və diqqətli idarəetmədir: "Uşaqları çöldə oyun oynamağa sövq edin, ailəvi yeməklərdə texnoloji cihazlardan istifadəyə yer verməyin, "rəqəmsal detox" adlandırdığımız texnoloji cihazlardan uzaqlaşma metodunu yatmazdan əvvəl ekranların söndürülməsini təmin etmək üçün tətbiq edin. Bu məqamda ekran istifadəsinin övü də önəmlidir. Məsələn, nənə-baba, valideynlər ilə videozəng, sosial şəbəkələrdə saatlarla mənasız və sürətli sürüşdürmə etməkdən çox fərqlidir.
Ekranları şəkər kimi təsəvvür edin. Uyğun miqdarda istifadəsi problem deyil, amma çox olduqda zərərlidir."
Şahnigar Əhmədova, "İki sahil"