04 dekabr 2025 00:34
75

Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən mühüm marşrut - Orta Dəhliz

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib ki, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır: “Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.

Yeni dünya nizamının qurulduğu, mürəkkəb geosiyasi və strateji prosesləein baş verdiyi bir dövrdə dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması respublikamız üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Yeri gəlmişkən, Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Çağdaş dünyanın ayrı-ayrı güc mərkəzlərinin diqqətini çəkən Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. 

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar marşrutu olan Orta Dəhliz etibarsızlaşan ticarət yollarını etibarlı alternativə çevirir. Ermənistan və Azərbaycan arasında sülh istiqamətində atılan son addımlar bu məqsədi daha da real edib. Marta Kos əlavə edib ki, 2022-ci ildən bəri bu xətt üzrə ticarət dörd dəfə artıb, düzgün investisiyalar olduğu halda, 2030-cu ilə qədər bu göstərici üç dəfə də arta bilər: “Amma investisiyalar tərəfdaşlarımızla koordinasiya və özəl sektorla razılaşma olmadan gəlməyəcək. Buna görə də, mən Özbəkistanın paytaxtı Daşkəndə getdim və komissar Cozef Sikel, üzv dövlətlər, eləcə də Qara dəniz regionu və Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla həmin marşrutu necə daha sürətli, ucuz və daha etibarlı edə biləcəyimizi müzakirə etdik”.

Marta Kos, həmçinin ABŞ ilə “Tramp marşrutu” (TRIPP) layihəsində Aİ-nin iştirakının mümkünlüyü ilə bağlı danışıqlar apardığını bildirib. O, həmçinin Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət dördtərəfli xüsusi qrupun yaradılması barədə müzakirələrin aparıldığını qeyd edib.

Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və digər infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri və insan birliyini gücləndirir. Bu dəhlizdən istifadə edən dövlət və özəl sektor nümayəndələri dünya bazarlarına daha geniş çıxış imkanı əldə edir, ticarət dövriyyəsini artırır və iqtisadi inkişafı sürətləndirirlər. Çin, Avropa İttifaqı və ABŞ kimi böyük iqtisadi güclər bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir və onun inkişafını regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyə tkəsb etdiyini vurğulayırlar.

Orta Dəhliz Avrasiya məkanında regional əməkdaşlığın güclənməsi üçün mühüm strateji platformadır. 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq. Orta Dəhliz çərçivəsində həyata keçirilən iri infrastruktur layihələri beynəlxalq maliyyə qurumlarının da diqqətini cəlb edib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə institutları bu layihələrin reallaşmasına dəstək göstərir. Bu, həm bölgəyə xarici investisiyaların daxil olmasını sürətləndirir, həm də iştirakçı ölkələrin nəqliyyat və logistika imkanlarını beynəlxalq standartlara uyğunlaşdırır. Eyni zamanda, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da mühüm əhəmiyyət kəsb edir. “Bir pəncərə” sistemi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və gömrük əməliyyatlarının avtomatlaşdırılması tranzit proseslərini xeyli səmərəli edir.

Zahid Rza, “İki sahil”