Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı Yeni Dehlidə pilotsuz uçuş aparatları və rabitə boğucuları da daxil olmaqla çoxsəviyyəli təhlükəsizlik sistemi qurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Rusiya liderinin hərəkət edəcəyi bütün marşrutlarda yoxlamalar aparılır. Xüsusi yaradılmış idarəetmə mərkəzindən dronların köməyi ilə sutka boyu müşahidə təmin ediləcək, snayperlər isə marşrutlarda növbə çəkəcəklər. Kanal Putinin təyyarəsi Yeni Dehliyə endiyi anda “beşqatlı təhlükəsizlik konturu”nun aktivləşdiriləcəyini bildirib. Rusiya Prezidentini Hindistan Milli Qvardiyası və Yeni Dehli Polisi mühafizə edəcək.
Qeyd edək ki, Vladimir Putinin Hindistana rəsmi səfəri dekabrın 4-5-nə planlaşdırılıb. Səfər çərçivəsində prezidentin Hindistan Prezidenti Draupadi Murmu və Baş nazir Narendra Modi ilə görüşləri nəzərdə tutulub. Tərəflərin bir sıra idarələrarası və kommersiya sənədlərini imzalayacağı gözlənilir.