Türkiyə Silahlı Qüvvələri türk xalqını təhdid etməyənlər üçün heç bir təhlükə yaratmır. Eyni zamanda, Türkiyə Ordusu ölkənin qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün bütün imkanlara və qətiyyətə malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Vurğulanıb ki, Türkiyənin maraqlarına zərər vurmağa yönəlmiş hər hansı addım bundan sonra da uğursuzluğa məhkum olacaq.
“Regionda sülhün və sabitliyin təmin edilməsi Türkiyə üçün prioritet olaraq qalır. Bu, Egey dənizinə də aiddir. Türkiyə Silahlı Qüvvələri üzərinə qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə hazırdır”, - deyə Milli Müdafiə Nazirliyindən bildirilib və Afinanın regiondakı proseslərə konstruktiv yanaşmasına ümid edildiyi ifadə olunub.

Türkiyə Milli Müdafiə Nazirliyində Qara dənizdə gəmilərdə baş verən yanğınlara da münasibət bildirilib. “Davam edən müharibənin yaratdığı təhdidlər fonunda Türkiyə Ordusu bütün lazımi tədbirləri görür. Lakin bu addımlar yalnız riskləri minimuma endirə bilər, uzunmüddətli təhlükəsizlik üçün isə davamlı sülh vacibdir”, - deyə vurğulanıb.
Eyni zamanda, nazirlikdə türk qoşunlarının Albaniyadakı “Paşalimanı” hərbi-dəniz bazasından çıxarılması barədə məlumatlar təkzib edilib.