Ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı rəsmi Bakı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlasa da, Ermənistan beynəlxalq humanitar hüququn normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən hələ də boyun qaçırır. Hətta bundan təzyiq və manipulyasiya aləti kimi istifadə etməyə çalışır. Halbuki rəsmi Bakı problemi yalnız özünü təhlükəsizlik məsələsi kimi təqdim etmir, həm də regional və beynəlxalq təhdid məsələsi olduğunu bildirir.
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı son günlər diqqətçəkən və müsbət fikirlər səsləndirir. Amma nədənsə Ermənistan ordusu tərəfindən basdırılmış həmin minalar barədə susmaqda davam edir.
Qarabağ və Şərqi Zəngəzuru təhlükəsiz məkan kimi görmək istəyən Azərbaycan isə onları zərərsizləşdirməkdədir. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci il noyabrın 27-dək icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 242 min 700 hektar ərazi təmizlənib, 169 min 972 ədəd partlamamış hərbi sursat, 39 min 728 ədəd piyadaəleyhinə mina, 22 min 822 ədəd tankəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizovun sözlərinə görə, minatəmizləmə prosesində ən müasir avadanlıqlardan istifadə olunur: “Əməliyyatlarda maqnetik-lokator və detektorlardan, xüsusi təyinatlı məsafədən idarəolunan mexaniki minatəmizləmə vasitələrindən, “large-loop” adlanan genişəhatəli metal detektorlardan, dərin axtarış cihazlarından, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlardan, təlimlərin keyfiyyətinin artırılması üçün müxtəlif təlim simulyatorlarından istifadə edilir.” Şübhəsiz, bütün bunlar azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, orada bərpa-quruculuq və digər fəaliyyətlərə cəlb edilən hər kəs, eləcə də keçmiş təmas xətti boyu ərazilərdə yaşayan vətəndaşlar üçün maarifləndirmə tədbirləri keçirilir, əsas təhlükəsizlik qaydaları haqda məlumat verilir. Hətta bu günə kimi işğaldan azad edilmiş ərazilərdə çalışan iyirmi minə yaxın işçi mina xəbərdarlığına dair təlimat kitabçaları ilə təmin edilib. Bununla da müvafiq qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
Yeri gəlmişkən qeyd edək ki, noyabr ayının 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən belə maarifləndirici tədbir Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən ailələr üçün təşkil olunub. Bütün bunlar isə o deməkdir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi prioritet vəzifələr sırasında yer alır.
Amma bu, bir faktdır ki, bu gün də Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar, partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir. Belə ki, dekabrın 3-də Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib. 1970-ci il təvəllüdlü Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xatırladaq ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində də ötən ay mina hadisəsi baş vermişdi. Məlumat üçün qeyd edək ki, 1991-ci ildən indiyədək 3400 nəfərdən çox soydaşımız minalardan zərər çəkib.
Qvami Məhəbbətoğlu, “İki sahil”