04 dekabr 2025 22:01
127

Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Nazirlər Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndiriblər, regional sabitlik və inkişaf üçün dostluq, qarşılıqlı dəstəkləyici münasibətlərin əhəmiyyətini vurğulayıblar.

Görüşdə enerji, nəqliyyat-logistika və elektrik enerjisi, yaşıl enerji üzrə yeni birgə layihələr, eləcə də mədəni və humanitar mübadilələr sahəsində əməkdaşlıq müzakirə edilib.

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün səylər vurğulanıb.