05 dekabr 2025 23:36
108

Qərbi Azərbaycana qayıdış: Xalqımızın mənəvi və tarixi haqqı

Əfsuslar olsun ki, tarixin müəyyən dövrlərində erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın öz dədə-baba yurdlarından kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz yaralara səbəb olub. Soydaşlarımız öz tarixi torpaqlarından hissə-hissə və planlı şəkildə deportasiya olunub, tarixi-memarlıq incilərimiz erməni vandalizminin qurbanına çevrilib. Zaman keçdikcə bu cinayət əməlləri sistemli hal alıb. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses bir neçə mərhələdə həyata keçirilib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.

Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir. Tarixə yönəlik vəhşilik, vandalizm təkcə mədəniyyət abidələrini məhv etməklə bitməmiş, onun tarixini dəyişdirmək, restavrasiya adıyla qədimliyinə zərbə vurmaq məqsədi daşımışdır. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir. Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu məntəqələrin xaraba mənzərəsini müşahidə edəndə adama elə gəlir ki, sanki, burada əsl cəhənnəm yaradılmışdır. Bu kəndlərdə ermənilər 900-dən çox tarix və mədəniyyət abidəsi – yaşayış evləri, məscidlər, alban dövrü tikililəri, bədii daş nümunələri, qəbir daşları, at-qoç fiqurları dağıdılaraq yararsız hala salınmışdır. Ərazi Azərbaycanın mədəni irs nümunələrindən təmizlənərək kütləvi vandalizmə məruz qalmışdır.

İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib.

Bu gün Qərbi Azərbaycana qayıdış məsələsi dövlət siyasətində mühüm yer tutur. Dədə-baba torpaqlarından qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Məhz ölkə başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə İcmanın yeni binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Dövlət başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı. Ümumiyyətlə, Ölkə rəhbəri mütəmadi olaraq Qərbi Azərbaycanlıların qayıdış məsələsini gündəmə gətirir, soydaşlarımızın mütləq öz yurdlarına geri dönəcəklərini əminliklə bəyan edir.

Azərbaycan xalqı tarixi ədalətin bərpasını və Qərbi Azərbaycana dinc qayıdışı tələb edir. Bu, təkcə ərazi məsələsi deyil, həm də mədəniyyətimizin, tariximizin və ənənələrimizin yenidən dirçəlişidir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdirilib. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb.

Prezident İlham Əliyev dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə prezident İlham Əliyev qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqının son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımlarla üz-üzə qaldığını, azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımızın öz doğma yurdunu tərk etdiyini bir daha diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Prezident İlham Əliyev müraciətində xüsusi vurğulayıb ki, bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir: “Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir”.

Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsi fonunda yeni reallıq yaranıb. Bu reallıq tarixən azərbaycanlıların yaşamış olduğu ərazilərdə xalqımızın yenidən yaşamaq hüququnu gündəmə gətirib. Bu mənada, Qərbi Azərbaycan yəni, indiki Ermənistan ərazisində mövcud olmuş tarixi Azərbaycan torpaqları, toponimləri, milli dəyərlərinə sahib çıxmağın, o ərazilərə qayıdaraq yenidən öz köklərimiz üzərində inkişafa nail olmağın zamanı çatıb. Vaxtilə o ərazilərdə yaşamış və sonradan zorla deportasiya edilmiş vətəndaşlarımız indi öz yurd-yuvalarına qayıtmaq istəyir. Əslində bu, onların fundamental haqqıdır.

Sevinc Azadi, “İki sahil”