06 dekabr 2025 17:18
91

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub

Azərbaycan Dillər Universitetin rektoru, akademik, Xalq yazıçı Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı məşhur “Springer” nəşriyyatında çap olunub.

“İki sahil” xəbər verir ki, universitetdən bildirilib ki, ingilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılanıb. Qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilən kitabın “Springer” nəşriyyatında çap olunması Azərbaycan ədəbiyyatının, folklorunun dünya ədəbi prosesində təbliği baxımından bir ilkdir və Azərbaycan folklorunun, Qoqudşünaslığın dünya oxucusuna aşılayan, tanıdan ilk araşdırma əsəridir.

Müəlliflərin qənaətinə görə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir.

Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanda gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.

Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.

Əsərdə 0 ilə 1 və ağ ilə qara arasında müxtəlif səviyyələr qeyd olunmuş, "Kitabi-Dədə Qorqud" boylarından buna uyğun nümunələr göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel məntiqinin "ya bu, ya o" sərhədindən kənara çıxdığını diqqətə çatdırmış, ən əsası isə dastanda ağla qara arasında çoxlu rəng və çalarların olmasını ulu əcdadlarımızın demokratik düşüncəsinin sübutu kimi təqdim etmişlər. Yəni əcdadlarımız "ya bu, ya o" demirlər, "Bu iki şeyin arasında o da ola bilər, bu da" deyirlər.

K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun əziz xatirəsinə həsr edilmişdir.

Qeyd edək ki, “Springer” dünyanın ən böyük elmi nəşriyyatlarındandır. Əsas fəaliyyət istiqaməti akademik tədqiqatların, elmi kitabların, dərsliklərin və yüksək impakt faktorlu elmi jurnalların nəşridir. Dünyanın 180-dən çox ölkəsində milyonlarla tədqiqatçı "Springer" mənbələrindən istifadə edir.