Braziliyanın “Santos” klubunun hücumçusu Neymar mövsümün sonunda verdiyi vədi yerinə yetirərək komandasının yüksək divizionda qalmasında həlledici rol oynayıb.
“İki sahil” xəbər verir ki, “Santos” “Kruzeyro” üzərində inamlı qələbə qazanaraq yalnız elitadan düşmək təhlükəsindən qurtulmayıb, həm də mövsümü 12-ci pillədə başa vuraraq Avropa Liqasının analoqu sayılan Cənubi Amerika Kubokuna vəsiqə əldə edib.
Zədə səbəbindən son oyunları buraxmalı olan Neymar həkimlərin tövsiyələrinə rəğmən ağrılarla oynamağa davam edib və hər dəfə start heyətində meydana çıxıb. O, son dörd qarşılaşmada parlaq performans nümayiş etdirərək 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb və bütün bunları “Santos”un elitada qalması üçün edib.
Futbolçunun bu fədakarlığı onun kluba sədaqətini və həlledici məqamlarda məsuliyyəti öz üzərinə götürmək bacarığını bir daha göstərib.