08 dekabr 2025 08:52
126

HƏMAS tərk-silah danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyib

HƏMAS hərəkatı əlində olan silahların “dondurulması və ya yığılması” məsələsini müzakirə etməyə hazır olduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

HƏMAS-ın siyasi büro üzvü Qasım Naim agentliyə açıqlamasında deyib: “Biz gərginliyin, növbəti toqquşmaların və ya partlayışların qarşısını almaq üçün hərtərəfli yanaşmaya açığıq. Fələstinlilərin bu atəşkəs dövründə ümumiyyətlə silahdan istifadə etməyəcəyinə dair zəmanətlərin olması şərti ilə arsenalın dondurulması və ya ehtiyatının yığılmasından danışa bilərik”. Naim qeyd edib ki, hərəkat “müqavimət hüququ”nu saxlasa da, Fələstin dövlətinin yaradılmasına yönəlmiş prosesin bir hissəsi kimi silahı yerə qoymağa hazırdır.

HƏMAS nümayəndələri əvvəllər də silahların Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsinə hazır olduqlarını bildiriblər.

Agentlik yazır ki, ABŞ-ın hazırladığı sülh planı HƏMAS-ın tərk-silah olunmasını nəzərdə tutur. Buna görə də hərəkat rəsmisinin açıqlaması “müqavilədəki ən aktual problemlərdən biri üçün mümkün həll formulu” kimi dəyərləndirilə bilər. Lakin bu formulun İsraili qane edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, dekabrın 4-də ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə sazişin ümumi olaraq doğru istiqamətdə irəlilədiyini və sənədin ikinci mərhələsinin “çox yaxın zamanda” həyata keçiriləcəyini bəyan etmişdi.