Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir.
“İki sahil” xəbər verir ki, Maliyyə Nazirliyindən bildirilib ki, bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib.
Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib.
Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.
Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunan uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub.
İki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət etdiyi nəzərə alınaraq, “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.
Maliyyə Nazirliyi növbəti illərdə də Azərbaycan Respublikasının suveren kredit reytinqinin qiymətləndirilməsi ilə bağlı aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığını davam etdirəcək və ölkəmizdə müşahidə olunan fundamental və davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün tədbirlər görəcək.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib