"Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" (GECO) və "Xlinks" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” Energetika Nazirliyinə istinadla xəbər verir ki, Anlaşma Memorandumu energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında keçirilən görüşdə imzalanıb.
Görüşdə "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" (GECO) və Böyük Britaniyanın "Xlinks" şirkəti də təmsil olunub.
Memorandumu GECO şirkətinin icraçı direktoru Fərhad Məmmədov və "Xlinks" şirkətinin icraçı direktoru Ceyms Hamfrey imzalayıblar.
Sənəd iki şirkət arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması kimi məsələləri ehtiva edir. Memorandum hüquqi öhdəlik yaratmır və hazırda GECO "Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması mərhələsindən sonrakı dövr üzrə potensial tərəfdaşlarla danışıqlar aparır.
Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının "yaşıl enerji", "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, GECO "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi"nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir. "Xlinks" şirkəti isə irimiqyaslı bərpa olunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan "North Sea Link" (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan "Viking Link" (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib