İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Çinin Şanxay şəhərində keçirilən “Üçüncü Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu” tədbirində spiker qismində iştirak edib. “Birlikdən güc almaq: Qlobal Cənubun məsuliyyəti və fəaliyyəti” mövzusunda təşkil olunan tədbirə 120-dən çox ölkədən siyasətçilər, alimlər, tədqiqat institutlarının rəhbərləri və beynəlxalq ekspertlər olmaqla, ümumilikdə 350-dən çox iştirakçı qatılıb.
“İki sahil” xəbər verir ki, Rəşad Nəcəfli “Əsas prinsiplərə sədaqət və islahatlar vasitəsilə qlobal idarəetmədə yeni səhifə açmaq” adlı sessiyada çıxış edib. O, Azərbaycanla Çin arasında güclənən tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq iki ölkənin vizasız rejimə keçidinin mobilliyin artmasına, mədəni və akademik mübadilənin genişlənməsinə və qarşılıqlı etimadın dərinləşməsinə xidmət etdiyini bildirib.
İİTKM-in nümayəndəsi Qlobal Cənub ölkələri arasında idarəetmə sahəsində yeniliklərin mübadiləsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan süni intellekt əsaslı monitorinq və qiymətləndirmə sistemləri, rəqəmsal ticarət platformaları və məlumatəsaslı koordinasiya mexanizmləri tətbiq etməklə analoji islahatlar həyata keçirir. Qlobal idarəetmə islahatları mövzusuna toxunan Rəşad Nəcəfli sürətlə dəyişən dünyada konstruktiv çoxtərəflilik, inklüziv inkişaf və sübuta əsaslanan siyasət formalaşdırmanın vacibliyini vurğulayıb. O qeyd edib ki, İİTKM davamlı və gələcəyə hesablanan siyasətlərin formalaşdırılmasında məlumatəsaslı idarəetmə, rəqəmsal transformasiya və beynəlxalq bilik mübadiləsinə sadiqdir.
Tədbirdə iştirakçı ölkələr arasında davamlı əməkdaşlıq və birgə tədqiqatları dəstəkləyəcək “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nun daimi Katibliyinin yaradılması rəsmi olaraq elan edilib.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib