Ömərxəyyam Cəfərlinin akademik və ictimai uğur yoluna nəzər
Hər bir cəmiyyətin gələcəyi formalaşdırdığı istedadlı və düşünən yeniyetmə və gənclərin addımlarında gizlənir. Bu addımlar bəzən çox erkən yaşlarda eşidilir-məntiqi təfəkkürü, analitik baxışı və təşəbbüskarlığı ilə fərqlənən uşağın səsləri kimi. Ömərxəyyam Cəfərli də məhz belə yeniyetmələrdəndir. O, hələ uşaqlıqdan intizamlı düşüncəsi, geniş dünyagörüşü və yaradıcı yanaşması ilə diqqət çəkən bir şagirddir.
Onun hekayəsi sadəcə akademik uğurlardan ibarət deyil. Bu, ardıcıl zəhmət, təşəbbüs, liderlik və məsuliyyətin bir şəxsiyyətdə qərarlaşmasının nümunəsidir. Ömərxəyyam müxtəlif elmi və ictimai platformalarda iştirak edərək biliklərini praktikaya çevirir, özünü və ətrafındakıları daim inkişaf etdirir.
Bu gün o, yalnız məktəb daxilində deyil, ölkə miqyasında yeniyetmələrin təşəbbüslərində də öncülük edir, yeni ideyaların formalaşmasına və komanda ruhunun yüksəlməsinə töhfə verir. Onun fəaliyyəti həm şəxsi inkişafın göstəricisidir, həm də müasir Azərbaycan gəncliyinin potensialını əks etdirən nümunəvi bir modeldir.

Ömərxəyyamın uğurları və gələcək hədəfləri ilə oxucularımızı daha yaxından tanış etmək məqsədilə diqqətinizə çatdırmaq istəyirik ki, həmsöhbətimiz Bakıdakı 201 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Ömərxəyyam Cəfərli hələ erkən uşaqlıq illərində diqqəti özünə cəlb edərək məntiq sahəsində qeyri-adi qabiliyyətlərini nümayiş etdirib. Müxtəlif olimpiadalarda, o cümlədən “Kenquru” yarışlarında və beynəlxalq turnirlərdə iştirak onun bu sahəyə marağını daha da artırırdı.
O, 13 yaşından müxtəlif mövzularda tədbirlərdə iştirak etməyə başlayıb və o vaxtdan özünü təkmilləşdirmək üçün bütün imkanlardan istifadə edir. Bundan əlavə, bu illər ərzində müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşməyə nail olub, dəfələrlə təşəbbüs göstərib və müxtəlif layihələrdə iştirakını təklif edib. İştirak etdiyi tədbirlər ona həm özünü reallaşdırmaq, həm də müxtəlif sahələrdə praktiki bacarıqlar qazanmaq imkanı verib. Hazırda o, məktəbdə fəaliyyət göstərən “Gənc diplomatlar” komandasının sədridir. Şagird yoldaşları ilə birlikdə müxtəlif ideyalar irəli sürür və onların həyata keçirilməsinə rəhbərlik edir. Bu fəaliyyət Ömərxəyyama liderlik bacarıqlarını inkişaf etdirmək, həmyaşıdları arasında əməkdaşlığı təşviq etmək və cəmiyyətə fayda vermək imkanı yaradır.
Ömərxəyyam, həmçinin məktəbdə Kiçik Akademiyanın sədri kimi fəaliyyət göstərir. Bu vəzifədə o, şagirdlərə fənlər üzrə elmi-tədqiqat işlərinin hazırlanması və təqdim olunmasında rəhbərlik və dəstək verir. Onun üçün bu yalnız bir vəzifə deyil, eyni zamanda, liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək üçün unikal bir imkandır. Üzərinə daha çox məsuliyyət götürərək, bu fürsətdən maksimum yararlanmağa çalışır.
Bundan əlavə, Ömərxəyyam “MeetNextGen” adlı yeni komanda yaradıb. Komanda ölkənin müxtəlif bölgələrindən həmyaşıdlarını bir araya gətirərək yeni ideyalar və layihələr üzərində birgə fəaliyyət göstərir. Məqsəd ölkənin gələcəyi üçün faydalı olmaq, gənclərin səsini çatdırmaq və cəmiyyətin inkişafına töhfə verməkdir.
“MeetNextGen” komandasının yaradılması məktəb təşəbbüslərindən kənara çıxaraq, ölkənin müxtəlif bölgələrindən fəal yeniyetmələri birləşdirmək məqsədilə baş tutub. Əvvəlcə yalnız məktəbdaxili layihə kimi fəaliyyət göstərən “Gənc diplomatlar” komandası, regionlardan yeniyetmələrin də cəlb olunması ilə daha geniş miqyasda fəaliyyətə çevrilib. Hazırda komanda Azərbaycanın müxtəlif bölgələrindən yeniyetmələri birləşdirir, yeni ideyalar üzərində işləyir, ictimai fəallığı təşviq edir və layihələrdə iştirakını davam etdirir. Ömərxəyyam hazırda sədr müavini kimi komandanın inkişafına dəstək göstərir.
Ömərxəyyamın müxtəlif layihələrdə iştiraka marağı ibtidai sinif illərindən başlayıb. İlk təşəbbüslərdən biri Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Xəlilovanın xahişi ilə şagird layihələrinin kompüterə yüklənməsi olub. Bu sadə görünən fəaliyyət onun üçün dönüş nöqtəsi olub və daha geniş layihələrdə iştirak etmək istəyi ilə nəticələnib. Maraqlı və məqsədyönlü insanlarla əhatə olunmaq onun üçün ilham mənbəyinə çevrilib, 16 yaşında olmasına baxmayaraq, o, könüllülük təşəbbüslərində fəal iştirak etməyə çalışıb.
Məktəbdə həm “Gənc diplomatlar” komandasının, həm də Kiçik Akademiyanın sədri kimi fəaliyyət göstərməsi ciddi nizam-intizam və fədakarlıq tələb edir. Təhsili, hazırlıq kurslarını və irimiqyaslı layihələrdə iştirakı birləşdirərək, Ömərxəyyam komandada işləmək vasitəsilə ünsiyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirib. Bu təcrübə həm akademik mühitdə, həm də şəxsi inkişafında mühüm rol oynayıb.
Ömərxəyyamın beynəlxalq münasibətlərə olan marağı uşaqlıqdan formalaşıb. O, dövlət xadimlərinin fəaliyyətini izləyir, qlobal prosesləri müşahidə edir və gələcəyini diplomatiya sahəsində qurmaq niyyətindədir. Ölkəsini təmsil etmək, beynəlxalq platformalarda iştirak etmək və Vətəninin maraqlarını müdafiə etmək arzusu onun professional hədəflərini müəyyənləşdirir.
Onun daim fəal olmasının əsas səbəblərindən biri də ətrafındakı insanların dəstəyidir. Ailə, müəllimlər və yaxın mühit ona hər zaman motivasiya verir, ideyalarını reallaşdırmaq və faydalı layihələrdə iştirak etmək üçün güc verir. Bu dəstək sayəsində Ömərxəyyam yalnız akademik biliklərə yiyələnmir, həm də həyatda uğur qazanmaq və ictimai fayda vermək üçün vacib bacarıqlar əldə edir.
Ömərxəyyam Cəfərli yalnız indiki uğurları ilə deyil, gələcəyə baxışındakı dərin məqsəd və vizyonu ilə də diqqət çəkir. Onun fəaliyyəti yeniyetmələrin təşəbbüskarlığını, yaradıcı düşüncəsini və ictimai məsuliyyətini gücləndirir. Məktəb, ölkə və region səviyyəsində göstərdiyi nümunə, zəhmət, öyrənmə və liderlik prinsiplərini birləşdirən ardıcıl bir yolun ifadəsidir. Gələcəkdə onun ideyaları daha geniş sahələrdə ictimai fayda yaradacaq. Məntiqin işığından diplomatiyanın zirvəsinə uzanan bu yol, yalnız şəxsi inkişafın deyil, həm də ətrafındakı insanların dünyagörüşünün zənginləşməsinin göstəricisidir. Ömərxəyyamın hekayəsi göstərir ki, həqiqi liderlik təkcə uğur qazanmaq deyil, həm də başqalarına ilham vermək, imkanları genişləndirmək və gələcək nəsilləri daha aydın üfüqlərə yönəltməkdir. Bu mənada Ömərxəyyam Cəfərlinin hər addımı, hər təşəbbüsü və hər ideyası həmyaşıdları üçün bir işıqdır-həm məntiqin, həm də arzuların işığı.
Yaqut Ağaşahqızı, “İki sahil”