10 dekabr 2025 11:36
80

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markası təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb. “Azərpoçt”dan bildirilib ki, markanın təqdimat mərasimi Dövlət Bayraq Muzeyində AZCON Holding, “Azərpoçt” MMC, Dövlət Bayraq Muzeyi və digər qurumların rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirin açılışında Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edib.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Bayraq muzeyi və eksponatlar haqqında ətraflı məlumat verib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.

Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.