Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə iclasında bildirildi ki, əməkdaşlıq dəyərlərinin təşviqi baxımından mətbuatın dəstəyi, obyektivliyi olduqca vacibdir
80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın rəhbərinin, təmsilçisinin, beynəlxalq ekspertlərin, BMT və UNESCO-nun rəsmi nümayəndəsinin iştirak etdiyi tədbirlərdə tək informasiya təhlükəsizliyi ilə bağlı deyil, ümumiyyətlə ikili standartlardan qaynaqlanan təxribat xarakterli məlumatların yaratdığı ədalətsizliklər, dünyada baş verən hadisələrə müxtəlif yanaşmaların fəsadları barədə danışıldı, müzakirələr aparıldı, təkliflər səsləndirildi. Konfransın ölkəmizdə keçirilməsi bir neçə baxımdan əhəmiyyətlidir. Ən başlıcası isə Azərbaycan həqiqətləri aparıcı informasiya agentliklərinə etibarlı mənbədən, bu işlərə məsul şəxslərin diqqətinə, ünvanına birbaşa çatdırıldı. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın suverenliyini istəməyən qüvvələrin ölkəmizə qarşı məkrli niyyətini əks etdirən qara piar kampaniyası bu gün də davam etməkdədir. Erməni lobbisi tərəfindən maliyyələşən bəzi agentliklərin təxribat xarakterli informasiyalarının yaratdığı qeyri-obyektivliyə, Azərbaycan həqiqətlərini təkzib edən böhtanlara etirazını məntiqli çıxışı ilə bildirən Prezident İlham Əliyev müstəqil dövlətin daxili işlərinə müdaxiləni ikili standartlardan qaynaqlanan ədalətsizlik kimi diqqətə çatdırdı. Zamanın tələbinə uyğun çağırışların hər biri Azərbaycanın dünya siyasətində möhkəmlənən mövqeyinin təsdiqi olmaqla mənfur niyyətli qüvvələri ədalətə çağırış xəbərdarlığı idi.
Azərbaycan ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir
Konqresdəki çıxışı ilə Şərq ilə Qərb arasında körpü olan Azərbaycanın nadir ölkələrdən biri olduğunu diqqətə çatdıran dövlət başçımız İlham Əliyev Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü, müstəqil xarici siyasət aparan ölkəmizin regional və beynəlxalq əməkdaşlığın möhkəmlənməsindəki rolundan bəhs etdi. “Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəalıq və bütün bu təşkilatlarda ədalət dəyərini və beynəlxalq hüququ təşviq edirik” söyləyən dövlət başçımızın bildirdiyi kimi, təkcə 2016-cı ilin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər etmişdir.
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda, Vaşinqtonda keçirilən Nüvə Sammitində, Türkiyədə təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, Varşavada NATO-nun Zirvə görüşündə, bu səfərlərlə yanaşı, ikitərəfli formatda təşkil edilən Birləşmiş Ərəb Əmirliklərində, İran İslam Respublikasında, Türkiyədə, Almaniyada olmuş , Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyanada və Sankt-Peterburqda keçirilən müzakirələrdə iştirak etmişdir.
Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunması, ölkəmizin, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəstəklənməsi təsdiqləyir ki, Azərbaycan dünya miqyasında seçilən elə ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. “Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan taleyi öz əlində olan ölkələrdəndir. “Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir” sözləri ilə ölkəmizə müdaxilənin yolverilməz olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirir ki, Azərbaycanı xaricdən idarə etmək mümkün deyil. Bədxahlara, antiazərbaycan qüvvələrə ən yaxşı cavab ölkəmizin reallıqları, iqtisadi inkişafı, diplomatiyada qazandığı uğurları, beynəlxalq aləmdə möhkəmlənən mövqeyidir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır.
Münaqişə ən qısa zamanda öz həllini tapmalıdır
Konqresdə “Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır” söyləyən Prezident İlham Əliyev problemlə bağlı xarici mətbuatda yayımlanan səhv informasiyaların həqiqəti əks etdirmədiyini diqqətə çatdırdı. Əsl həqiqət budur ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir, danışıqlarda müəyyən irəliləyiş olan zaman müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Adi bir misal. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Hər iki tərəf görüşü müsbət qiymətləndirdi. Görüşdən sonra danışıqlarda müsbət dinamika gözlənilən idi. Əksinə danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, dəqiq deyilsə Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başladı, təmas xəttində təxribatlar törədildi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata layiqli cavab verdi.
Rusiya, ABŞ, Fransa kimi həmsədr ölkələr status-kvonun davamlı saxlanılmasını qəbuledilməz adlandırsalar da, Ermənistan buna məhəl qoymur. Əfsus ki, xarici mətbuatda bu amil düzgün işıqlandırılmır.
Əslində məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalı, regionda sülh və təhlükəsizlik yaranmalıdır. Ermənistanın həmişə haqsız olaraq istinad etdiyi xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.
Ermənistan isə artıq öz hərəkətləri ilə açıq şəkildə etiraf edir ki, təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Belə oyuncaq, idarə olunan dövlətin bəzi beynəlxalq təşkilatların hesabatlarında azad, demokratik ölkə kimi göstərilməsi haqsızlıq, ədalətsizlikdir. “Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq” söyləyən Prezident İlham Əliyev konqres iştirakçılarının diqqətinə çatdırdı ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir və tarixən Azərbaycan ərazisidir. “Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün içərisində icra edildiyinin şahidi oluruq. Bizə gəldikdə isə artıq 20 ildən çox vaxt keçir. Bu, qəbuledilməzdir. Bu Azərbaycana qarşı ikili standartların göstəricisidir” sözləri ilə beynəlxalq media ictimaiyyətinə növbəti tövsiyəsini çatdıran Prezident İlham Əliyev bir daha obyektivlik və ədalət tərəfdarı olduğunu bildirdi.
Bizim enerji siyasətimiz milli maraqlara və əməkdaşlığa əsaslanır
Enerji siyasətinə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində qarşıdurmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji layihələrinin şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” kimi qlobal enerji layihəsi qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında aparıcı rola malik, şaxələndirmə siyasətinə sadiqlik göstərən, önəmli qaz ixracatçısına çevrilən, tranzit və istehlakçı dövlətlərin iqtisadi inkişafına töhfə verən Azərbaycan bölgədə və dünyada enerji təhlükəsizliyinin təminatı üçün vədlərinə sadiqlik nümayiş etdirir. Neft strategiyasının tətbiqi ilə ölkəmizin beynəlxalq və regional əhəmiyyəti daha da artır, xarici şirkətlər və qonşularımız arasında çox fəal və geniş əməkdaşlıq yaranır. BTC və BTƏ neft qaz kəmərlərinin varisi olan Avropanın 10 dövlətini birləşdirən “Cənub Qaz Dəhlizi”, TANAP, TAP kimi qlobal layihələrə artan maraq nəticəsində enerji diplomatiyamızın hüdudları genişlənir. Bir neçə il bundan əvvəl təbii qazı idxal edən Azərbaycan indi təbii qaz ixrac edir. Ən əsası odur ki, enerji sahəsində istehsalçı, tranzit və istehlakçı dövlət kimi böyük əhəmiyyətə malik Azərbaycan heç vaxt enerji resurslarından təzyiq aləti və ya əsaslandırılmamış üstünlük, yaxud mənfəət əldə edilməsi üçün istifadə etmir. Əksinə, tərəfdaşları, tranzit və istehlakçı ölkələri dəstəkləməklə əməkdaşlığın bölgədə sabitliyin təminatına , qarşılıqlı hörmət etimad prinsiplərinə əsaslanmasına çalışır.
Biz bu inkişafa sadiqik
Ölkənin sosial-iqtisadi sahədə əldə olunan nailiyyətləri beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatlarında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir. “Bir pəncərə” sisteminin tətbiqi ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrinin əhəmiyyətinə görə islahatçı ölkə kimi elan olunan Azərbaycan beynəlxalq səviyyədə inkişaf modeli təbliğ olunan respublikadır.
Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, ölkə iqtisadiyyatı dayanıqlı surətdə inkişaf etsin, neft-qaz sektorundan asılılıq minimuma endirilsin. Hətta dünyada neftin qiymətinin kəskin düşməsi də ölkəmizin ümumi iqtisadi inkişafına təsir etməmişdir. Bu isə Azərbaycanın iqtisadi modelinin analoqunun olmadığını, seçilən yolun düzgün və uzun müddət üçün hesablandığını göstərir.
Azərbaycan donor kimi başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarını təqdim edir. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik, iqtisadi güc və siyasi iradə və lider qətiyyətidir. Dünyanın 135 ölkəsi ilə ticarət əlaqəsi yaradan Azərbaycana 123 ölkədən məhsul gətirilir. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, qara metal və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, müxtəlif avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələri, kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması, sənayeləşmə və kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələrin sürətli inkişafı ilə işsizliyin aradan qaldırılması, 2018-ci ilədək infrastruktur və sosial layihələrin tam həllinə nail olmaq başlıca istiqamətlərdəndir.
Əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir
“Çünki medianın rolu gündən -günə artır və bununla yanaşı, məsuliyyət də artır” söyləyən dövlət başçımız İlham Əliyev vurğulayır ki, əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Amma mətbuatda yayılan informasiyaların həqiqəti əks etdirməməsi medianın obyektivliyinə inamı azaldır. Bəzi hallarda eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatı, müxtəlif dairələrin müdaxiləsi daha gərgin narahatlıqlarla müşahidə edilir.
Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib.
Bu gün öz maraqları naminə Yaxın Şərq və Afrika ölkələrində bilərəkdən münaqişə və problemlər yaradaraq “demokratiya, insan hüquqlarının qorunması” pərdəsi altında dövlət çevrilişlərinə fərman verən insanların istəklərinə uyğun yaranan miqrant köçü ilə üz-üzə dayanan, geosiyasi maraqlarını gerçəkləşdirmək naminə daim təzyiq altında saxlanılan müsəlman dünyasını nəzarətə götürən Qərbin, Avropanın müəllifliyi ilə törədilən silahlı toqquşmalardan yaxa qurtarmağa çalışanlardan ibarət yaranan miqrant ordusu, qaçqın böhranı qarşısıalınmaz fəlakətlərlə nəticələnir. Ermənistanın torpaqlarımızı işğalı ilə bağlı yayılan informasiyaların birtərəfli olması haqlı olaraq Azərbaycan xalqını narahat edir. “Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq” söyləyən cənab İlham Əliyev bildirir ki, biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var.
“Hamımız azad medianın tərəfdarıyıq” sözləri ilə konqres iştirakçılarına çağırış edən, üç gün davam edən tədbirdə söylənilənləri, səslənən çağırışları ölkəmizlə bağlı informasiyaların obyektivliyini şərtləndirəcəyinə inamını ifadə edən Prezident vurğuladı ki, Bakı konqresi bu sahədə mühüm addım olacaq.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu