12 dekabr 2025 12:14
185

Sosial ədalət qorunur və həssas qrupların məşğulluq imkanlarının artırılmasına xidmət edilir - MÜSAHİBƏ

Ülvi Abasquliyev: 2025-ci ildə müəyyən meyarlar nəzərə alınmaqla özünüməşğulluğa müraciət edən şəxslərə 5 yeni zərf təklif edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev “İki sahil” qəzetinə müsahibə verib.

- Ülvi müəllim, əvvəla bilmək istərdik ki, özünüməşğulluq proqramının bugünədək əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz? Ən mühüm uğurlar hansılardır? 

- Özünüməşğulluq proqramı, adından da bəlli olduğu kimi, şəxsin müstəqil surətdə və ya dövlətin dəstəyi ilə məşğulluğunun təmin edilməsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə icrasına başlanan bu proqram çərçivəsində Dövlət Məşğulluq Agentliyi olaraq bizim əsas fəaliyyətimiz aztəminatlı ailələrə onların fərdi təsərrüfatlarının təməlinin qoyulmasında və ya inkişaf etdirilməsində dəstək göstərməkdən ibarətdir. Bu da öz növbəsində dövlət vəsaiti hesabına ailəyə natura şəklində mal, material və digər əmlakın verilməsi ilə həyata keçirilir. Bu cür aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və dəstəklənməsi iqtisadiyyatın inkişafına, əlavə dəyərin yaradılmasına, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, sahibkarlıq bacarıqlarının aşılanmasına və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradır. Proqram çərçivəsində iştirakçılar müvafiq təlimlər və öz biznesini qurması üçün zəruri avadanlıqlarla təmin edilir.  

Statistik göstəricilərə baxdıqda proqramın icrasının çox uğurlu nəticələr əldə etdiyini görmək mümkündür. Cari il də daxil olmaqla bugünədək 100.000-dən artıq şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.  

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə köçən əhalinin məşğulluğunun təmin edilməsində Dövlət Məşğulluq Agentliyi fəal iştirak edir. Bu istiqamətdə ən böyük aktiv məşğulluq tədbirlərindən biri məhz özünüməşğulluq proqramıdır. 

Cari dövrədək Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində 1300 nəfərdən çox şəxsin özünüməşğulluq üzrə müraciəti qeydə alınıb ki, artıq onlardan 600 nəfərdən çox şəxs doğma yurduna qayıdaraq öz bizneslərini qurub. Bu proses hazırda da davam etdirilir. 

Qeyd edim ki, rəqəmsallaşma və proqram barəsində maarifləndirmə istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, proqrama müraciət etmiş vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin rəsmi internet saytı vasitəsilə öz növbəsini izləyə bilir. Həmçinin e-sosial internet portalı üzərindən özünüməşğulluq aktivlərinin reyestrində əmlaklarla təmin edilən şəxslərə dair məlumatlara əlçatanlıq təmin edilib. 

- Proqrama müraciət etmək istəyən vətəndaşların əsas meyarları nələrdir və ən çox hansı kateqoriyadan müraciətlər daxil olur? 

- Ümumilikdə, istiqamətindən asılı olmayaraq, özünüməşğulluğa müraciət etmək istəyən şəxsin qanunvericiliyə uyğun olaraq işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxs olması əsas meyardır. Vacib şərt odur ki, qeyd etdiyim şəxslər ilk növbədə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya DOST mərkəzlərində işsiz və ya işaxtaran kimi qeydiyyatdan keçməlidirlər. 

Bu tələb ödənildikdən sonra şəxslə Məşğulluq İmkanlarının Qiymətləndirilməsi (MİQ) sorğusu həyata keçirilir və nəticədə Fərdi Məşğulluq Proqramı (FMP) tərtib edilir. Əgər FMP-də digər aktiv məşğulluq tədbirləri ilə yanaşı, şəxsin özünüməşğulluq proqramına cəlb olunması tədbiri də nəzərdə tutulubsa, o zaman həmin tədbirlərin ardıcıllığına riayət edilməklə şəxsin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır ki, bu da bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərlə bağlı məlumat vermək istərdim. 

İlkin müraciət mərhələsində özünüməşğulluq istiqamətinin seçilməsi və təşkili üçün köməklik göstərilir. Növbəti mərhələdə şəxsin mənzil-məişət şəraitinə baxış keçirilir. Burada məqsəd vətəndaşın müraciət etdiyi özünüməşğulluq istiqaməti üzrə şəraitinin olub-olmaması, təcrübəsinin mövcudluğu və digər amilləri araşdırmaqdır. 

Sonrakı mərhələ şəxsə biznes planının hazırlanmasına kömək göstərilməsini, təlimlərin keçirilməsini və onların nəticələrinin qiymətləndirilməsini əhatə edir. Əgər şəxslər bu sadalanan mərhələlərdən uğurla keçərsə, o zaman natura şəklində mal, material və avadanlıqlar bir il müddətinə müqavilə əsasında onların istifadəsinə verilir. 

Bu müddət ərzində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti dövri olaraq ildə ən azı iki dəfə monitorinq olunur. Əgər müqavilə müddətinin sonunda şəxsin fəaliyyətinin biznes plana uyğun olması və ona verilmiş əmlaklardan təyinatı üzrə istifadə etməsi müəyyən edilərsə, o zaman əmlaklar həmin şəxsin mülkiyyətinə verilir. 

Proqrama müraciətlər müxtəlif yaş qruplarından, fərqli təhsil səviyyəsinə malik həm qadınlar, həm də kişilər tərəfindən olur. Orta yaş kateqoriyasından olan müraciətlər çoxluq təşkil edir. Eyni zamanda, gənclər və yaşlılar arasında da proqramın populyarlığı yüksəkdir. Hazırda kişilərin özünüməşğulluq proqramına daha çox müraciət etdiyi nəzərə alınaraq, qadınlara yönəlik yeni özünüməşğulluq zərflərinin hazırlanması üzərində işlər aparılır. 

- Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən zərflərin seçimi necə aparılır və onların bazar tələblərinə uyğunluğu hansı meyarlarla müəyyənləşdirilir?  

- Əmək bazarının tələbləri, zərflərin tutumu, vətəndaş üçün səmərəliliyi, iqtisadi cəhətdən davamlılıq və dayanıqlılıq özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan biznes zərfləri müəyyənləşdirilərkən nəzərə alınan əsas amillərdəndir. Qeyd edim ki, 2025-ci ildə bu meyarlar nəzərə alınmaqla 5 yeni zərf özünüməşğulluğa müraciət edən vətəndaşlara təklif edilib. Bu zərflər kotançılıq, qəssab dükanı, avtorazval, özünəxidmət avtoyuma və avtodəmirçi xidmətləri üzrədir.  

- Proqramın regionlarda icrası zamanı kənd və rayon əhalisinin iştirak fəallığı şəhərlərlə müqayisədə hansı fərqləri göstərir? Regionlarda hansı sahələr daha çox seçilir? 

- Bildirim ki, özünüməşğulluq proqramına edilən müraciətlərin tendensiyası konkret zərfdən, müraciət edilən regiondan və cari il üzrə həmin zərf və rayon üçün ayrılmış kvotadan asılı olaraq dəyişə bilir. Məsələn, Bərdə, Şəmkir, Masallı kimi dağətəyi bölgələrimiz kənd təsərrüfatının iri və xırdabuynuzlu heyvandarlıq istiqamətləri üzrə müraciətlərin çoxluğuna görə fərqlənir. Eyni zamanda, Şəki, Qəbələ, Xızı kimi relyefi əsasən dağlıq olan rayonlarda arıçılıq təsərrüfatı zərfinə maraq böyükdür. İstehsal və xidmət sahələrinə gəldikdə isə Bakı və Abşeron iqtisadi rayonlarında bu sahələr üzrə zərflərin populyarlığı daha çoxdur. Ancaq buna baxmayaraq proqram çərçivəsində regionlarda da istehsal və xidmət sahələri üzrə kiçik bizneslərin qurulması təmin edilir.  

Məsələn, 2025-ci ildə pilot olaraq Oğuz rayonunda həyata keçirilən “PeşəCar” avtoklaster layihəsini missal göstərmək olar. Özünüməşğulluq proqramına cəlb edilən bir qrup şəxs layihə çərçivəsində əmək bazarının tələbi və iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq, avtomobillərə göstərilən müxtəlif xidmət istiqamətləri üzrə avadanlıqlarla təmin edilib və onların eyni məkanda birgə fəaliyyətinin təşkili bu layihənin əsas məqsədi olub. 

- Dövlətin verdiyi aktivlərin (mal və materialların) keyfiyyəti və uzunmüddətli dayanıqlılığı necə təmin olunur? 

- Qeyd edim ki, özünüməşğulluq proqramı çərçivəsində əldə olunan mal, material və avadanlıqlar Dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilir və müvafiq podratçı şirkət tərəfindən alınaraq vətəndaşlara təhvil verilir. Bütün bu proseslər tam şəffaf şəkildə aparılır. Vətəndaşlara aktivlərin verilməsi məqsədilə onlarla Agentlik arasında müvafiq müqavilə imzalanır. Müqavilənin şərtlərinə əsasən, şəxslərə verilən əmlaklarda, istər istehsal xidmət istiqaməti, istərsə də kənd təsərrüfatı istiqaməti üzrə əmlaklarda şəxslərin təqsiri olmadan hər hansı qüsurlar yaranarsa vətəndaş əmlakları təhvil aldığı gündən başlayaraq 30 gün müddətində zəruri sənədləri təqdim etməklə onların yenisi ilə əvəz olunması üçün müraciət edə bilər. Bu əvəzləmə prosesi də tam şəffaf şəkildə və müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. 

- Özünüməşğulluq proqramında iştirak edənlərin uğur hekayələri ilə bağlı monitorinqlər aparılırmı və nəticələr necədir? 

- Bəli, özünüməşğulluq proqramında iştirak edənlərin uğur hekayələri ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Bu monitorinqlər proqramın effektivliyini qiymətləndirmək, iştirakçıların fəaliyyətlərini izləmək və onların inkişafını dəstəkləmək məqsədini daşıyır. Nəticələr göstərir ki, iştirakçılar arasında özünüməşğulluq fəaliyyətini davam etdirənlər bizneslərini inkişaf etdirməkdə, maliyyə dayanıqlılığının təmin etməkdə müsbət irəliləyişlər əldə edirlər. Xüsusilə qadınlar, gənclər və həssas qruplardan olan şəxslərin proqramda iştirakı nəticəsində işsizlik azalır və onların cəmiyyətə sosial inteqrasiyası artır. İştirakçıların böyük əksəriyyəti kiçik və orta ölçülü bizneslərini uğurla idarə edir, hətta onların bir çoxu əlavə işçi işə götürürlər. Monitorinq nəticələri, həmçinin iştirakçılara əlavə dəstək və təlimlər təklif edilməsi ilə bağlı tövsiyələr verir. Beləliklə, proqramın effektivliyi daha da artırılır. Agentlik tərəfindən həyata keçirilən mediaturlar vasitəsilə əmlakları təyinatına uyğun istifadə edən benefisiarların uğur hekayələri periodik olaraq mediada işıqlandırılır. Ölkənin müxtəlif bölgələrindən fərqli sahələr üzrə fəaliyyət göstərən proqram iştirakçıları ilə aparılan videomüsahibələr Agentliyin rəsmi saytında və “YouTube” kanalında yerləşdirilir. 

Məlumat üçün bildirim ki, özünüməşğulluq proqramı benefisiarı, Sumqayıt şəhər sakini Ayxan İbrahimovun uğur hekayəsi Beynəlxalq Əmək Təşkilatı tərəfindən dünya üzrə 10 ən yaxşı uğur hekayəsindən biri seçilib. Ayxan İbrahimov haqqında təşkilatın saytında məqalə dərc edilib və hazırda ən çox oxunan uğur hekayələrindən biridir. O, özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilərək moda evi açmaqla öz ailə biznesini genişləndirib.  

- “Növbəlilik reyestri” şəffaflıq və ədalət baxımından hansı üstünlükləri təmin edir? Vətəndaşlardan bu sistemlə bağlı hansı rəy və təkliflər gəlir? 

- Bildirim ki, özünüməşğulluq proqramı üzrə növbəlilik reyestri mövcuddur və bu reyestr tam şəkildə ictimaiyyətə açıqdır. Bu, vətəndaşların proqramın hansı mərhələsində olduqları, eləcə də müraciət etdikləri rayon və zərf üzrə cari il üçün ayrılmış kvota sayı, sıra nömrəsi və digər mühüm məlumatları rahatlıqla əldə etmələrini təmin edir. Bunun üçün sadəcə olaraq Dövlət Məşğulluq Agentliyinin rəsmi internet saytına daxil olmaqla şəxşiyyət vəsiqəsində qeyd olunan FİN kodunu daxil etməklə informasiya əldə etmək mümkündür. Mövcud axtarış sisteminin operativliyi və effektivliyinin artırılması və təmin edilməsi məqsədilə davamlı işlər aparılır. Belə ki, regional məşğulluq filiallarımız tərəfindən vətəndaşlardan daxil olan müraciətlər əsasında növbəlilik reyestrinin ümumi fəaliyyəti, saytın istifadəçi dostu olması və digər istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılır. 

- Bəs, məhdud əmək qabiliyyətli şəxslər, şəhid ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan üstünlük mexanizmlərinin real tətbiqi necə tənzimlənir? 

- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, özünüməşğulluğun təşkili zamanı sosial cəhətdən həssas əhali qruplarına üstünlük verilir. Bu qruplara aşağıdakılar daxildir: 

Ünvanlı dövlət sosial yardımı alan şəxslər, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslər. Həmçinin Birinci Qarabağ və Vətən müharibəsində iştirak etmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi təyin edilmiş şəxslərə də özünüməşğulluğun təşkilində üstünlük verilir. Bu yanaşma sosial ədaləti qoruyur və həssas qrupların məşğulluq imkanlarının artırılmasına xidmət edir. 

- Dünya Bankının dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsinin özünüməşğulluq proqramının effektivliyinə konkret təsiri nədən ibarətdir? 

- Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Məşğulluğa dəstək” layihəsinin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübələr əsasında özünüməşğulluq proqramını genişləndirmək və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərməkdir. Layihə çərçivəsində işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan şəxslər, qadınlar, gənclər və digər həssas qruplardan olan şəxslər özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradılır. 2020-2025-ci illəri əhatə edən layihənin ilkin mərhələsində təxminən 22,000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Növbəti ildən başlayacaq layihənin ikinci mərhələsi çərçivəsində də əlavə olaraq minlərlə şəxsin proqrama cəlb edilməsini təmin ediləcəkdir. 

- Özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşların biznes fəaliyyətlərinə nəzarət və sonrakı dəstək mexanizmləri necə təşkil olunur? Monitorinq nəticələri hansı istiqamətlərin daha səmərəli olduğunu göstərir? 

- Az öncə qeyd etdiyim kimi, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim edilən əmlaklar bir il müddətinə onların istifadəsində verilir və həmin müddət ərzində bu əmlaklar dövlət mülkiyyəti olaraq qalır. Bir il müddətində Dövlət Məşğulluq Agentliyinin müvafiq qurumları tərəfindən bu əmlakların ən azı iki dəfə (təxminən hər altı aydan bir) monitorinqi aparılır. Yəni, vətəndaşların ünvanına gedilərək onların həmin əmlaklardan istifadə edib-etməməsi, təyinatına uyğun istifadə etməsi, biznes planına uyğun fəaliyyət göstərməsi araşdırılır və bu monitorinqlərin nəticələri müvafiq aktlarla rəsmiləşdirilir. Əgər həyata keçirilən yekun monitorinq zamanı şəxsin fəaliyyətinin biznes plana uyğun olması və verilmiş əmlakların təyinatı üzrə istifadə edilməsi müəyyən edilərsə, həmin əmlaklar artıq vətəndaşın mülkiyyətinə verilir. 

Qeyd etmək istəyirəm ki, Dünya Bankının dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsinin benefisiarı olmuş şəxslərin öz bizneslərini daha da genişləndirmələri məqsədilə pilot layihə kimi "Həvəsləndirmə mükafatları” müsabiqəsi həyata keçirilir. Bu layihə çərçivəsində müsabiqənin şərtlərinə uyğun olaraq seçilmiş iştirakçılara bizneslərini inkişaf etdirmələri üçün dəstək olaraq əlavə zəruri avadanlıqlar verilir. Layihənin birinci mərhələsi üzrə seçimlər tamamlanıb və ikinci mərhələyə qeydiyyat başlanılıb.  

- Bəs, özünüməşğulluq proqramının iştirakçısı növbəti dəfə müraciət edə bilərmi? 

- Qanunvericiliyə əsasən, şəxs artıq özünüməşğulluq proqramına cəlb olunubsa, fərdi sahibkar kimi qeydiyyatdan keçməli, yaxud ailə kəndli təsərrüfatı kimi də rəsmi qeydiyyata alınmalıdır. Beləliklə, qanunvericiliyin tələbinə əsasən bu şəxs artıq məşğul şəxsə çevrilir və onun təkrar olaraq proqrama cəlb olunması istisna edilir.  

  - Qeyd etdiniz ki, işğaldan azad olunmuş ərazilərdə özünüməşğulluq proqramı çərçivəsində 600 nəfərdən çox şəxs doğma yurduna qayıdaraq öz biznesini qurub. Bilmək istərdik ki, bu, hansı sahələri əhatə edir?

- Fərqli istiqamətlər mövcuddur. Keçmiş məcburi köçkünlər istər kənd təsərrüfatı, istərsə də istehsal-xidmət sahələri üzrə proqrama cəlb edilmişdir. Müraciətlər qoyunçuluq, maldarlıq, keçiçilik, arıçılıq istiqamətləri, o cümlədən kiçik dərzi sexi, kiçik dülgər sexi, un məmulatları istehsalı, qəssab dükanı, qadın gözəllik salonu, kişi bərbərxanası, avtotəmizləmə və digər zərflər üzrə olur. Bu müxtəlif istiqamətlər əsasən regionların relyefindən asılıdır. Məsələn, bəzi regionların relyefi heyvandarlıq üçün əlverişlidirsə, bəzilərində münasib deyil. Regionun və müraciətçilərin yerli şəraiti, mövcud imkanları müraciətlərin istiqamətini müəyyən edir. Ümumilikdə, qeyd olunan istiqamətlər üzrə müraciətlər qiymətləndirilir və proqram çərçivəsində iştirakçılar əmlaklarla təmin olunur. 

- Ülvi müəllim, proqramın gələcək inkişaf planlarında hansı strateji istiqamətlər ön plandadır və yaxın illərdə illik əhatə dairəsinin daha da artırılması nəzərdə tutulurmu? 

- Proqramın gələcək inkişaf planları ilə bağlı əsas strateji istiqamətlərdən danışmaq olar: Öncə klasterlərin yaradılması — Bu yanaşma mövcud əmək bazarında istehsal və xidmət sahələrinin inkişafını təşviq etməklə daha dayanıqlı məşğulluğun, biznes strukturlarının formalaşmasına kömək edəcək. Növbəti istiqamət kimi əmək bazarının araşdırılması və zərflərin təkmilləşdirilməsini qeyd etmək olar. Proqramda tətbiq olunan zərflərin səmərəliliyi, tərkibi və uyğunluğunun davamlı olaraq yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Hazırda qeyd etdiyim kimi, 5 pilot zərf mövcuddur və bu sayın artırılması nəzərdə tutulur. Daha sonra qadınlara yönəlik yeni və təkmilləşdirilmiş zərflərin yaradılması da vacib istiqamətlərdən biridir. Bu addım qadınların əmək bazarına inteqrasiyasına, özünüməşğulluq imkanlarının genişləndirilməsinə təkan verəcək. Proqramın coğrafi əhatə dairəsinin genişləndirilməsi, regionlarda məşğulluq imkanlarının artırılması da əsas hədəflərdəndir. Gələcəkdə proqramın daha çox şəxsi, xüsusilə aztəminatlı ailələri, sosial cəhətdən həssas əhali qruplarını əhatə etməsi gözlənilir. Bu tədbirlər proqramın iqtisadi dayanıqlılığını və sosial inklüzivliyini artıraraq əmək bazarında yeni iş imkanlarının yaradılmasına töhfə verəcək. 

- Maraqlı müsahibə üçün sizə minnətdarlığımızı bildiririk. 

Orxan Vahidoğlu, “İki sahil”