13 dekabr 2025 19:39
112

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür

Azərbaycanın ilk milli tankeri “Laçın”ın istismara verilməsindən 6 il ötür. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan tankerin istismara verilməsi mərasimi 2019-cu ilin 13 dekabrında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

“İki sahil” xəbər verir ki, ASCO-dan bildirilib ki, tanker ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə 464 min 093 ton neft və neft məhsulu daşınıb. Son bir ildə isə gəmi 48 958,323 ton yükü təyinat limanına çatdırıb.

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.