15 dekabr 2025 10:48
82

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib

Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il dekabrın 12-də RVK-nın İllik Konfransında iştirak edib. 

“İki sahil” xəbər verir ki,  RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək nümayəndə heyətini səmimiyyətlə salamlayıb və dəvəti qəbul edərək Buxarest şəhərinə səfər etdiyi üçün VK rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib. 

VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.  

İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq “Ədliyyənin rəqəmsal gələcəyi” mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib. 

Daha sonra iki qurum arasında geniş tərkibdə görüş keçirilib.  

Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib. Sədr xüsusilə vəkillərin sayının əhəmiyyətli dərəcədə artmasını, vəkillik institutunun nüfuzunun yüksəlməsini və peşə fəaliyyətinin daha müasir standartlara uyğunlaşdırılmasını qeyd edib. Həmçinin Anar Bağırov vəkilliyə qəbul qaydalarında tətbiq olunan şəffaf və obyektiv mexanizmlər, göstərilən elektron xidmətlərin genişləndirilməsi, Kollegiyanın maliyyə müstəqilliyi istiqamətində görülən işlər və gənc hüquqşünaslara verilən dəstək haqqında söz açıb.  

Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.  

Eyni zamanda sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi köklü dəyişiklikləri diqqətə çatdıraraq bu Qanunun vəkillik institutunun daha da gücləndirilməsinə, peşə fəaliyyətinin səmərəli və müasir tələblərə uyğun təşkilinə xidmət etdiyini vurğulayıb, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini görüş iştirakçıları ilə bölüşüb. 

Anar Bağırov bildirib ki, Azərbaycan torpaqları Ermənistanın 30 illik işğalından azad edildikdən sonra dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Nəzərə çatdırılıb ki, ölkələr arasında mövcud olan regional və beynəlxalq əməkdaşlığın hər iki dövlət arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi fonunda vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, hüquqi xidmətlərin təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi də təmin olunacaq. 

Sonra VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib. 

Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün potensial imkanlar barədə razılıqlarını ifadə ediblər. 

Eyni zamanda görüş çərçivəsində iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub və sonda rəsmi ziyafət təşkil edilib. 

Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.