Sahil Kərimli: Cənubi Qafqazın-Azərbaycanın yerləşdiyi geosiyasi məkan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Qlobal ticarət axınları dəyişir, dünyada yeni düzən formalaşır. Bu baxımdan Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır
Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha da güclənməsinə böyük töhfələr verir. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.

İqtisadi baxımdan daha cəlbedici tranzit yolu olan Orta Dəhliz Avrasiya məkanında regional əməkdaşlığın güclənməsi üçün mühüm strateji platformadır. Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, iki həftəyə Çindən gələn yük qatarı Avropaya çata bilir. Nəqliyyat üzrə mütəxəsisslərin hesablamalarına görə, Orta Dəhlizlə yüklərin daşınması 300 kilometrədək yolu qısaldır. Orta Asiya ölkələrinin təbii resurslarının Avropaya çıxarılması baxımından da bu yol çox önəmlidir.
Prezident İlham Əliyev bu günlərdə Bratislaviyaya səfəri zamanı Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycan Şərq ilə Qərb arasında müəyyən bir körpü rolunu oynayır: “İnfrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.
Siyasi şərhçi, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Sahil Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Cənubi Qafqazın-Azərbaycanın yerləşdiyi geosiyasi məkan- Avropa ilə Asiya arasında strateji bir körpü rolunu oynayır. Qlobal ticarət axınları dəyişir, dünyada yeni düzən formalaşır. Bu baxımdan Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır: “Orta Dəhliz Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Avropaya qədər uzanacaq. Qlobal iqtisadiyyat üçün yeni alternativ yaranacaq. Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində ölkələrimiz dünyanın tam diqqət mərkəzindədir. Qardaş ölkələr ortaq siyasət yürütməklə dünyada dostluq və qardaşlıq üçün bir nümunədir. Bu münasibətlərin bənzəri yoxdur”.
Siyasi şərhçi qeyd etdi ki, Orta Dəhlizin iqtisadi əhəmiyyəti ilk növbədə ticarət həcminin artmasıdır: “Şərqdən Qərbə yükdaşımaları daha sürətli və təhlükəsiz etmək imkanı yaradır. Cənubi Qafqaz ölkələri tranzit ölkə kimi iqtisadi gəlirlərini artıracaq. Regionda ticarət dövriyyəsi genişlənəcək. Eyni zamanda logistika və xidmət sektoru inkişaf edəcək. Dəhliz boyunca limanlar, dəmir yolları və gömrük keçidləri yaradılacaq. Bu həm də yeni iş yerləri deməkdir. Regional inteqrasiya güclənəcək. Birgə infrastruktur layihələri ölkələr arasında iqtisadi əməkdaşlığı daha da artıracaq. Cənubi Qafqazın ticarət qovşağına çevriləcək”.

S.Kərimliyə görə, Orta Dəhliz alternativ marşrutdur və strateji rol oynayır. Şimal və Cənub marşrutlarına alternativ olan Orta Dəhliz beynəlxalq şirkətlər və dövlətlər üçün riskləri azaldacaq: “Yük daşımalarında vaxt qazancı əldə edilir. Orta Dəhliz ənənəvi dəniz yolundan daha qısadır. Bu isə çatdırılma müddətini azaldır, daşınma xərcləri azalır. Enerji təhlükəsizliyi və enerji layihələri-Cənubi Qafqaz Xəzər hövzəsinin neft və qazını qlobal bazarlara çatdıran əsas marşrutdur. Orta Dəhliz bu baxımdan Avropanın enerji təhlükəsizliyində kritik rol oynayır. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi strateji hədəfdir və Cənubi Qafqaz bu məqsədin həyata keçirilməsində əsas həlqədir”.
Həmsöhbətimiz vuruladı ki, Cənubi Qafqaz və Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir. Region yalnız tranzit məkanı deyil, həm də qlobal iqtisadi təhlükəsizlik, enerji şaxələndirilməsi və beynəlxalq əməkdaşlıq üçün əsas platformaya çevrilir. İnfrastrukturun inkişafı, qarşılıqlı iqtisadi inteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıracaq əsas amillərdir.

S.Kərimli, həmçinin bildirdi ki, Azərbaycan və qardaş Türkiyə Cümhuriyyəti arasında Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları ilə bağlı daim fikir mübadiləsi aparılır: “Azərbaycan və Türkiyə həm siyasi, həm iqtisadi-bir sözlə bütün sahələrdə dərin əməkdaşlıq edən iki qardaş ölkədir. Hər anlamda bir birimizin yanındayıq. Türk Dövlətləri Təşkilatının güclənməsində -Turan birliyinin möhkəmlənməsində, Orta Dəhlizin reallaşmasında “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə əsas aparıcı rol oynayır. Bu birlik bizə dünyada yeni imkanlar açır”.
Zahid Rza, “İki sahil”