17 dekabr 2025 11:32
86

Bu tərəvəz alzeymer xəstəliyindən qoruyur - OXUYUN XƏBƏRİNİZ OLSUN

Demensiyanın (unutqanlığın ön planda olduğu bir çox xəstəliklərə verilmiş ümumi ad) ən çox yayılmış forması olan alzeymer xəstəliyi 7 milyondan çox Amerikalı yetkinə təsir göstərir və bu halların 2060-cı ilə qədər ikiqat artacağı proqnozlaşdırılır. Lakin mütəxəssislər brokoli istehlakının bu xəstəliyin inkişaf riskini azalda biləcəyini bildiriblər. Tədqiqatçılar bu lifli tərəvəzin yaddaş zəifləməsi ilə mübarizə aparan qidalandırıcılar və kimyəvi maddələrlə zəngin olduğunu aşkar ediblər.  Bir araşdırma nəticəsində müntəzəm olaraq brokoli istehlak edən yaşlı qadınların yaddaşlarının daha güclü olduğu müəyyən edilib. 

Brokoli, gül kələmi və Brüssel kələmi kimi kələmkimilər fəsiləsinə aid tərəvəzlərin müntəzəm istehlakının bir sıra ciddi xəstəliklərin riskini azaltdığı müəyyən edilib. Elmi tədqiqatlara əsasən, bu tərəvəzləri daha çox qəbul edən şəxslərdə 2-ci tip şəkərli diabet, xərçəng və ürək-damar xəstəliklərindən ölüm halları daha az müşahidə olunur.

Tibb mütəxəssisləri bildirirlər ki, kələmkimilər B qrupu vitaminləri və karotinoidlər adlanan faydalı bitki maddələri ilə zəngindir. Bu maddələrin beyin fəaliyyətinin zəifləməsinə səbəb olan bəzi zərərli molekulların səviyyəsini azaltdığı sübut edilib. Aparılan araşdırmalarda bu tərəvəzlərin alzeymer xəstəliyinə xas olan tau zülallarının yığılmasının qarşısını ala biləcəyi də qeyd olunur. Dietoloq Emma Veyleux bildirib ki, insan orqanizminin bu faydalardan yararlanması üçün gündə cəmi bir və ya iki porsiya kələmkimilər qəbul etməsi kifayətdir.

Araşdırmalarda xüsusilə brokolinin qida dəyərinə diqqət çəkilib. Brokoli sinir sistemi və beyin fəaliyyəti üçün vacib hesab olunan xolin adlı mikroelementlə zəngindir. Tafts Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar xolinlə zəngin qidaların qəbulu ilə demensiya riskinin azalması arasında əlaqə olduğunu göstərib. Mütəxəssislərin fikrincə, gündəlik kifayət qədər xolin qəbul edən yaşlı insanlarda alzeymer xəstəliyinin yaranma ehtimalı daha aşağı olur. Eyni zamanda, qanda xolin səviyyəsinin aşağı olması ilə alzeymer xəstəliyi riski arasında birbaşa əlaqə müşahidə edilib. Araşdırmalara görə, bir çox insanlar gündəlik xolin ehtiyacını tam ödəyə bilmir. Səhiyyə qurumları böyüklərə gündəlik müvafiq olaraq 550 milliqram və 425 milliqram xolin qəbul etməyi tövsiyə edirlər.

Mütəxəssislər vurğulayırlar ki, brokoli həm də güclü antioksidant təsirə malikdir və beyində iltihabi proseslərin qarşısını almağa kömək edir. Onun tərkibində immun sistemini möhkəmləndirən C vitamini, eləcə də göz sağlamlığı üçün vacib olan A və E vitaminləri mövcuddur.

Qidalanma üzrə mütəxəssis Liza Yanq bildirib ki, brokoli tərkibindəki aktiv maddələr sayəsində beyin hüceyrələrini yaşla əlaqəli zehni geriləmənin əsas səbəbləri hesab olunan oksidləşdirici stress və iltihabdan qoruyur. Məhz bu səbəblərə görə mütəxəssislər sağlam qidalanmanın tərkib hissəsi kimi brokoli və digər kələmkimilər fəsiləsinə aid tərəvəzlərin müntəzəm istehlakını tövsiyə edirlər.

Şahnigar Əhmədova, "İki sahil"