16 dekabr 2025 19:54
111

Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü üzrə müqavilə imzalayıb

Macarıstan ABŞ-dən illik 0,4 milyard kubmetr həcmində mayeləşdirilmiş təbii qaz (LNG) alınmasını nəzərdə tutan beşillik müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə bildirib.

Nazir qeyd edib ki, növbəti beş il ərzində Macarıstan enerji sisteminə ümumilikdə 2 milyard kubmetr ABŞ mənşəli mayeləşdirilmiş qaz daxil olacaq. Onun sözlərinə görə, bu, ölkə tarixində ilk dəfə baş verəcək.

Siyarto vurğulayıb ki, təchizatın şaxələndirilməsi Macarıstana enerji daşıyıcılarını müxtəlif mənbələrdən və marşrutlarla almağa imkan verəcək, bu isə daha sərfəli və aşağı qiymətləri təmin edəcək.

Nazir əlavə edib ki, bu qərar Macarıstanın maraqlarına uyğundur, çünki kommunal tariflərin azaldılması siyasətinin nəticələrini qorumağa və Avropada ən aşağı enerji hesablarını təmin etməyə imkan verir.