17 dekabr 2025 11:24
95

Bu yanaşma əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir - Qoşqar Təhməzli

Ölkənin ərzaq təhlükəsizliyinin sistemli təmini mühüm strateji əhəmiyyət daşıyır. Ərzaq məhsullarının istehsalı, emalı, daşınması və topdan pərdakəndə satışı daxil olmaqla qida təhlükəsizliyi zənciri boyu ciddi izlənilir.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Aqrar Biznes festivallarına həsr olunan yekun tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, aqrar sahədə innovasiyaların təşviqi, fermer və sahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelə dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cür festivalların əhəmiyyəti danılmazdır:

“Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik və təcrübə mübadiləsi platformasına çevrilib. Bu festivallarda fəal iştirak etməklə əsas məqsədimiz aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və dayanıqlılığın təmin edilməsini fermer və sahibkarlara birbaşa, aydın və praktik mexanizmlər vasitəsilə çatdırmaqdır. Bu xüsusda vurğulamaq lazımdır ki, hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının ənənəvi respublika sərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur”.

AQTA sədri vurğulayıb ki, qida təhlükəsizliyi mütəxəssisləri tərəfindən bal və digər arıçılıq məhsulları laborator müayinələrdən keçirilir və qida təhlükəsizliyi ilə keyfiyyət standartlarına cavab verməyən məhsulların satışına yol verilmir: “Eyni zamanda, Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da məhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir. Yarmarkalarda fəaliyyət göstərən səyyar qida laboratoriyaları vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində araşdırılır. Zərurət yarandıqda isə məhsullardan nümunələr götürülərək ekspertizaya cəlb olunur. Bu yanaşma istehlakçıların etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir”.

Q.Təhməzli əlavə edib ki, AQTA tərəfindən bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və ting dövriyyəsinin təmin edilməsi istiqamətində sistemli və risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: “Fitosanitar nəzarətin gücləndirilməsi yalnız daxili bazarın qorunmasına deyil, eyni zamanda ölkəmizin ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. İxrac yönümlü fitosanitar tədbirlər agentliyin fəaliyyətində mühüm yer tutur. Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun şəkildə verilir.  Fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə agentlik tərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb: “Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığın artırılmasına, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşmasına şərait yaradacaqdır. Bu sənəd ölkənin ixrac rəqabətqabiliyyətinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Orxan Vahidoğlu, "İki sahil"