17 dekabr 2025 12:42
87

SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Kompleks qazma işləri" tresti (KQİT) ilə "Bahar Energy Operating Company" (BEOC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" KQİT-ə istinadla məlumat yayıb.

Sənəd iki şirkət arasında tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Memorandum çərçivəsində KQİT-in geniş qazma və texniki təcrübəsinin Xəzərin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum-dəniz" yataqlarında tətbiqi imkanları araşdırılacaq.

Məlumata görə, BEOC ilə birgə icra olunacaq layihələr hər iki şirkətin strateji hədəflərinə çatmasına əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, SOCAR və ABŞ-ın SLB şirkəti (keçmiş "Schlumberger") 2025-ci ilin oktyabrında "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq barədə razılığa gəliblər. Razılaşma perspektivli hasilat zonalarının müəyyənləşdirilməsini, ətraflı rezervuar modelləşdirilməsinin hazırlanmasını, eləcə də erkən hasilat sxeminin (EPS) həyata keçirilməsi üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini əhatə edir.

SOCAR-ın məlumatına görə, layihə şirkətin neft hasilatının artırılması və yetkin dəniz yataqlarının istismar müddətinin uzadılması üzrə uzunmüddətli strategiyasında mühüm yer tutur.

Qeyd edək ki, SOCAR və "Bahar Energy Limited" 2009-cu ilin dekabrın 22-də "Bahar" və "Qum-dəniz" yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Sazişə əsasən, layihədə "Bahar Energy Limited"in payı 80 %, SOCAR-ın payı isə 20 % təşkil edir.

Müqavilə 25 il müddətinə nəzərdə tutulub və daha 5 il uzadılması mümkündür. İnvestisiya proqramının həcmi ilkin olaraq 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bütün investisiyalar "Bahar Energy Limited" tərəfindən həyata keçiriləcək. Müqavilə blokunda qazın qalıq ehtiyatları 25 milyard kubmetr olaraq qiymətləndirilir.

"Qum-dəniz" neft yatağı 1955-ci ildə istismara verilib və Bakıdan cənub-şərqdə, 21 km məsafədə yerləşir. "Bahar" qaz yatağı isə 1969-cu ildə istifadəyə verilib.