23 noyabr 2016 14:54
449

Azərbaycan dünyada multikulturalizmin ən yaxşı nümunəsidir

Son illər dünyada multikulturalizmlə bağlı tədbirlər keçirilir, görüşlər təşkil edilir, söhbətlər aparılır. Bunların hamısında multikultural dəyərlər yüksək qiymətləndirilir, bu məsələdə öndə gedən ölkələrin müsbət təcrübələri öyrənilir və digər ölkələrə nümunə  göstərilir. Bütün bunlar nəyə görə məhz indiki zamanda məna kəsb edib?  Yaxın 20-30 il öncə multikulturalizmdən demək olar ki, söhbət belə getmirdi.

Düşünmək olar ki,  SSRİ  kimi nəhəng bir imperiya dağılandan sonra dünyada baş  verən müharibələr, xüsusən də hegemon dövlətlərin  müsəlman ölkələrində alovlandırdıqları  müharibə  ocaqları insanlığa və humanizmə, o cümlədən birgəyaşayışa qarşı çevrilib. Deməli, tolerantlıq və multikultural dəyərlər də təhlükə qarşısındadır. Ona görə də geniş  dünyagörüşünə  malik tərəqqipərvər və sülhsevər  insanlar, humanist  təşkilatlar bəşəriyyəti əks təsirlərdən xilas etmək üçün yollar axtarırlar. Son vaxtlar tez-tez təşkil edilən tədbirlər bu humanist məqsədə xidmət edir.

Bir  neçə gün əvvəl  Bakıda  Dünya  Xəbər Agentliklərinin V Konqresinin,  Asiya və Sakit  Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI  Baş  Assambleyasının açılış mərasimindəki çıxışında Azərbaycan  Prezidenti İlham Əliyev  hazırda dünyanı  narahat edən məsələlərdən danışarkən  Azərbaycanda multikulturalizm ənənələrinin inkişaf etdirilməsindən geniş  bəhs edib.  Prezident deyib:  “Azərbaycan dünyada  nadir  ölkələrdən biridir  ki, eyni  zamanda  həm İslam Əməkdaşlıq Təşkilatına,  həm  də Avropa  Şurasına  üzv dövlətdir  və  hər  iki təşkilatda yüksək  səviyyəli  dəstəyə malikdir. Dünyada  ilk dəfə  2008-ci  ildə məhz  bizim təşəbbüsümüz  nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və  Avropa   Şurasına üzv ölkələrin mədəniyyət  nazirlərinin birgə  toplantısı  təşkil edilib. Bu iki  təsisat arasında  yaranmış  əməkdaşlıq və daha  geniş  hərəkat “Bakı  prosesi” adı  alıb və biz bununla fəxr  edirik. Hesab edirik  ki,  bu sahədəki nailiyyətimiz dünyada  yüksək  qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız  bizim hər  iki  təşkilata üzv olmağımız  deyildi.  Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural  inkişafı  müxtəlif  dövlətlər, sivilizasiyalar və dinlər arasında  münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan isə multikulturalizmin yaxşı  nümunəsidir.”

Qeyd etməliyik ki,  Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Təkcə bu fakt  göstərir ki, multikulturalizm bizim dövlət  siyasətimizdə mühüm yerlərdən birini tutur və  Azərbaycan cəmiyyətində hökm sürən ümumi ab-havadan xəbər verir. Biz fəxrlə deyə bilərik ki, müxtəlif millətlərin və icmaların qardaşcasına yaşadıqları  bir  dövlətin  vətəndaşlarıyıq. Biz yüz illərdir birgə yaşayırıq və aramızda heç bir  ciddi münaqişə  olmayıb. Multikulturalizmin Azərbaycan nümunəsi bütün  dünya dövlətlərinə ən gözəl  örnəkdir.   Ölkəmizdə vaxtaşırı  beynəlxalq  tədbirlər təşkil edilir. Onların sırasında hər il  keçirilən Bakı  Beynəlxalq  Humanitar  Forumu və  Ümumdünya Mədəniyyətlərarası  Dialoq  Forumu xüsusi  əhəmiyyət  kəsb  edir.  BMT-nin  Sivilizasiyalar  Alyansının  VII  Qlobal  Forumuna  ev sahibliyi etmişik.  Roma  Papası  Fransiskin  bu il  ölkəmizə  səfəri zamanı etdiyi  çıxışlarda  Azərbaycanın bu sahədə  gördüyü  işlərə yüksək  qiymət verməsi böyük  nailiyyətlərimizin dəyərli  etirafı oldu.

Prezident  İlham Əliyev   vurğulayıb  ki,  indiki  narahat  beynəlxalq  şəraitdə biz əməkdaşlıq və qarşılıqlı anlaşma  gündəliyini  təklif  edirik.  Niyə  də olmasın,  Azərbaycanın  multikultural dəyərləri bütün  dünyaya  ən  gözəl  nümunə  ola  bilər.  Qoy  regionda və  dünyada bizim müsbət  təcrübəmiz  xalqlara,  etnik  qruplara və  icmalara dinc  yanaşı  yaşamaqda  yardımçı  olsun.  Azərbaycan  Dövlət  Mədəniyyət  və İncəsənət  Universitetinin müəllimi,  sənətşünaslıq üzrə fəlsəfə  doktoru Elnarə Bağırova ilə bu barədə söhbətimizdə bildirdi ki,  ölkəmizdə azərbaycanlılarla bərabər yaşayan  ləzgilərin, avarların, talışların, kürdlərin, yəhudilərin, malakanların,  saxurların,  məshəti türklərinin, ingiloyların mədəniyyət  mərkəzləri fəaliyyət  göstərir, adət-ənənələri qorunur.  Onlar  milli həyat  tərzlərini sərbəst davam  etdirirlər. Onlar  Dağlıq  Qarabağda  erməni  işğalçılarına qarşı  igidliklə  döyüşüblər.  Ermənilər Azərbaycanda yurd salan  digər etnik azlıqlardan nankor və  aqressiv olmaları ilə  fərqlənirlər. Onlar  xaricdəki erməni lobbiləri və  havadarları  ilə separat danışıqlar apararaq  Dağlıq  Qarabağı  Ermənistana birləşdirmək üçün silahlanaraq torpağın  sahiblərinə qarşı  döyüşürlər.  Bu, beynəlxalq hüquqa  tamamilə  ziddir və adı  işğalçılıqdır.  Bütün  bunlara  baxmayaraq  Azərbaycan rəhbərliyinin fikri  odur  ki,  Dağlıq  Qarabağ  işğaldan  azad ediləndən sonra da biz  erməni sakinləri ilə dinc yanaşı  yaşamağa  razıyıq  və onlara heç bir təsir və ya təzyiq göstərilməyəcək. Bu,  rəhbərliyimizin,  xalqımızın humanizminin ən yüksək  zirvəsidir.

Vəli  İlyasov, “İki sahil”