Türk mifologiyasında Yeni il, qış Günəş dönümü ətrafında qeyd olunan, gecənin ən uzun olduğu vaxtdan sonra işığın artmasını simvolizə edən qədim bir bayramdır
İlin sonu yaxınlaşır. Dünyanın əksər xalqları bayrama hazırlaşır. İlsonu kimisi üçün Yeni il bayramı, kimisi üçün isə həzrəti İsanın mövludu olaraq qeyd edilən Milad bayramıdır. İlin sonunda qeyd edilən bu bayram daha çox xristianlar arasında dəb halını alsa da, əslində bu bayram qədim türklərdən gəlmə adət-ənənələr əsasında formalaşıb.
Ən uzun gecənin sonu, Günəşin yenidən doğuluşu
Qədim inanca görə, gecələrin uzanıb gündüzlərin qısaldığı 22 dekabrda gecə-gündüz döyüşür. Uzun sürən savaşdan sonra 22 dekabrda gündüz gecəni məğlub edərək qalib gəlir. Bu, türklərin ağ şam ağacının altında böyük şənliklərlə qeyd etdiyi Günəşin qələbəsi və yenidən doğulmasıdır. Məhz bu səbəbdən 22 dekabr tarixi türklər üçün çox əhəmiyyətlidir. Günəşin yenidən doğulması həyatın yeni bir doğuşu kimi qəbul edilir. Türk toplumları bu bayramı NARDUĞAN adlandırırlar (nar-günəş, duğan-doğan deməkdir), yəni Günəşin doğuşu. Müxtəlif türk xalqlarına və onların ləhçələrinə görə bayramın adı dəyişsə də, onun forması dəyişmir. Məsələn: tatarlar bu bayrama “Koyaş tuğa” (yəni “Günəş doğan”), başqırdlar və udmurtlar “Narduqan” və ya “Marduqan”, çuvaşlar “Nartavan” və ya “Nartuken” deyirlər. Qədim türklər Günəşi geri verdiyinə görə Tanrı Ülgenə dua edirdilər. Duaları Tanrıya yetişsin deyə, ağacın altına hədiyyələr qoyurdular: budaqlarına rəngli saplar bağlayaraq, təzə il üçün arzular diləyirdilər. Bu bayram üçün evlər təmizlənir, gözəl paltarlar geyinilirdi. Ağacın ətrafında mahnı oxunur, qopuz çalınır, rəqs edilir, müxtəlif əyləncələr təşkil edilirdi. Yaşlılara - babalara, nənələrə baş çəkməyə gedirdilər. Onlarla bir araya gəlib təzə və qurudulmuş meyvələr, xüsusi yeməklər, şirniyatlar yeyiyir, şənlənirdilər. İnanca görə, bayram qohum-əqrəba bir yerə yığışaraq qeyd olunardısa, insanların ömrü uzanar, bəxtəvərlik artardı.
Şam ağacı bəzəmənin tarixcəsi
Türklərdə şam ağaclarının bəzədilməsi ənənəsi qədim dövlərdən mövcud olub. Məlumdur ki, ağ şam (Ağcaşam) ağacı Yer üzünün tam ortasında – Orta Asiyada bitir. Qədim türklər onu “həyat ağacı” adlandırırdılar. Bu ağacı bəzən xalçalarımızda, kilimlərimizdə, tikmələrimizdə bir obraz kimi görmək mümkündür. Ərəblər bu ağacı tanımırdılar. Fələstində bu ağacın yetişməsi iqlimə görə mümkün deyil. Belə olan halda şam ağacını bəzəmə ənənəsinin İsanın doğuşuna da aidiyyəti yoxdur. Qədim türklər ağ şam ağacını ölümsüzlüyün simvolu olaraq qəbul edirdilər. Tarixi mənbələrə nəzər salsaq, görərik ki, Milad üçün istifadə edilən yolka ilk dəfə 1521 və ya 1605-ci ildə Almaniyada peyda olub. Almanlar əvvəlcə Reyn çayının sahilindəki Cənnət ağacını təmsil edən küknar ağacını işıqlar, meyvələr və parlaq ornamentlərlə bəzəyiblər. Bu ənənənin Amerikaya Fransa İnqilabından sonra çatdığı bildirilir. 1800-cü illərin əvvəllərində Skandinaviya ölkələrində yayıldıqdan sonra şam bəzəyi ənənəsi 1840-cı ildə İngiltərə və Fransada başlayıb. Şam ağacındakı işıqlar və şamların ölümsüzlüyü təmsil etdiyinə və pis ruhları və canavarları qovduğuna inanılır. Yolkada işıqlardan əlavə müxtəlif qurudulmuş meyvə qabıqları, kiçik oyuncaqlar, maral fiqurları və ulduza bənzər əşyalar asılır. İnanca görə, Milad ağacı həyatın simvoludur. Üzərindəki meyvələr də həyatın bizə bəxş etdiyi sonsuz və müxtəlif hədiyyələri simvollaşdırır.
Şaxta baba, yoxsa Ayaz ata?
Miladın başqa bir atributu sayılan Şaxta baba əslində, türk mifologiyasında Soyuq xan, yaxud Ayaz ata adlandırılan obraz hesab olunur. O, soyuq havalarda meydana çıxıb kasıb adamlara kömək edən müqəddəs surətdir. İnanca görə Ay Allahı onu türkləri soyuq havalara qarşı qorumağa göndərmişdir. Ayaz ata Türk mifologiyasında soyuqla mübarizə, bərəkət və qışın simvolu hesab olunur. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, kaftan, şapka, qurşaq, keçə çəkmələr - yəni Şaxta babanın geyimi qədim türk geyimlərindəndir. Onlar da eynilə belə geyinirdilər.
Finlər Şaxta babanın Laplandiyada, ruslar isə Veliki Ustyuqda "doğulub boya-başa çatdığını" sübut etməyə çalışırlar. Dünyada ən çox yayılmış və qəbul olunmuş fərziyyəyə görə isə, təxminən, miladın 270-342-ci illəri arasında müasir Türkiyə ərazisində yaşamış keşiş Müqəddəs Nikolay (Türkiyə türkləri onu Noel baba, yolkanı isə "noel ağacı" adlandırırlar) Şaxta baba obrazının ("Santa Klaus"‒ Amerika, İngiltərə, "Per Noel" ‒ Fransa, "Santa Nikolas" ‒ Belçika, "Ded Moroz" ‒ Rusiya, "Ded Mraz" ‒Xorvatiya, "Yolupukki" ‒ Finlandiya və s.) prototipidir.
Yazını hazırlayarkən Türkiyə mətbuatında yer alan maraqlı bir məlumatla da qarşılaşdıq. Deyilənlərə görə, IV əsrdə türklərin yaşadığı Mira şəhərində Nikolay adlı arxiyepiskop var imiş. (Türkiyənin cənub-qərbindəki Patara şəhərində zəngin bir xristian ailəsində doğulubmuş). Nikolay müxtəlif adlarla da tanınır: Santa Claus, Saint Nicholas, Saint Nick, Father Christmas, Kris Kringle, Santy və ya Santa. Avropada bu bayramın əlamətlərindən biri kimi, əfsanəvi Santa Klausun da məhz türk torpaqlarından biri olan Türkiyə ərazisində yaşaması faktı bir neçə il əvvəl təsdiqlənib. Fakta görə, Santa Klaus kimi tanınan Müqəddəs Nikolay Antalyada yaşayıb və bütün Anadoluda tanınıb. Onun doğum və ölüm tarixləri dəqiq məlum olmasa da tədqiqatlara görə, təxminən 200-400-cü illər arası mövcud olub. Antalya yaxınlığındakı tarixi Mira şəhərində dəfn olunan Santa Klaus sonradan xristian müqəddəsləri sırasına daxil edilib. Və məşhur Xaç yürüşləri zamanı, daha dəqiq desək, 1087-ci ldə onun nəşi (mumiyalanmış cəsədi) oğurlanaraq Avropaya aparılıb ki, hazırda o, İtaliyanın Bari şəhərindədir. Əfsanəyə görə, Santa Klaus kimi tanınan Nikolayın «müqəddəs» adlandırılması möcüzələr törətmək bacarığından qaynaqlanıb. Rəvayətə görə, o, həm də kasıblara hədiyyələr paylayırmış ki, vaxt keçdikcə bunu İsanın mövludu, sonra isə Yeni il ilə əlaqələndiriblər.
Sevinc Azadi, “İki sahil”
ABŞ administrasiyası TDT regionu ilə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verir