18 dekabr 2025 12:09
91

"Şahdağ”da 2026-cı ildə 600 süni qar generatoru fəaliyyət göstərəcək

"Şahdağ”da 2026-cı ildə 600 süni qar generatoru fəaliyyət göstərəcək.

“İki sahil"in Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov süni qar istehsalı ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, mərkəzdə süni qar istehsalı mərhələli şəkildə genişləndirilir və 2026-cı ildə Şahdağ ərazisində 600 süni qar generatorunun fəaliyyəti nəzərdə tutulur.

R.Nəcəfov bildirib ki, süni qar istehsalı ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər mövcuddur:  

“Süni qar deyəndə bəziləri elə düşünür ki, kimyəvi maddələrdən istifadə olunur. Bu, düzgün deyil. Süni qar yalnız sudan hazırlanır. Su yüksək təzyiq altında xırda hissəciklərə çevrilir və aşağı temperaturun təsiri ilə qar və buz dənəcikləri əmələ gəlir”.

Onun sözlərinə görə, təbii qarın bol olması süni qar istehsalına ehtiyacı azaldır ki, bu da elektrik enerjisinə və su ehtiyatlarına qənaət etməyə imkan verir.