19 dekabr 2025 09:34
102

Azərbaycanın suverenliyinin tam bərpası

Azərbaycan Respublikasının müasir tarixində antiterror əməliyyatı xüsusi yer tutur. Bu əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilmiş, Konstitusiya quruluşu bütün ərazilərdə bərpa olunmuşdur. Bu tarixi nailiyyətin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və milli maraqlara əsaslanan dövlət siyasəti həlledici rol oynamışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təmin olunması olmuşdur. Uzun illər ərzində ölkə rəhbəri beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etmiş, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmışdır. Antiterror əməliyyatı da məhz bu prinsipial və hüquqa söykənən siyasətin məntiqi nəticəsi kimi tarixə düşmüşdür.

Antiterror əməliyyatının keçirilməsi zərurəti Azərbaycan ərazilərində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu, separatçı fəaliyyətlərin davam etdirilməsi və təhlükəsizlik üçün real təhdidlərin yaranması ilə bağlı idi. Dövlət başçısı bu məsələyə son dərəcə məsuliyyətlə yanaşaraq, mülki əhalinin təhlükəsizliyini prioritet hesab etmiş və əməliyyatın lokal, qısa müddətli və yüksək dəqiqliklə aparılmasını təmin etmişdir. Bu yanaşma Azərbaycanın humanist və məsuliyyətli dövlət olduğunu bir daha nümayiş etdirmişdir.

Cənab İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti antiterror əməliyyatı zamanı özünü xüsusilə aydın şəkildə göstərmişdir. Ordunun peşəkarlığı, texnoloji üstünlüyü və koordinasiyalı fəaliyyəti Prezidentin uzunmüddətli ordu quruculuğu siyasətinin real nəticəsi idi. Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi kadrların hazırlanması və müasir silah sistemlərinin tətbiqi ordumuzu regionun ən güclü hərbi qüvvələrindən birinə çevirmişdir.

Antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun bərpası təmin edildi. Dövlət bayrağımız suverenliyimizin rəmzi kimi bütün ərazilərdə dalğalanmağa başladı. Bu, yalnız hərbi qələbə deyil, eyni zamanda siyasi, hüquqi və mənəvi qələbə idi. Prezident İlham Əliyev bu tarixi hadisə ilə Azərbaycan dövlətinin gücünü, xalq–iqtidar birliyini və milli həmrəyliyi bir daha təsdiqləmiş oldu.

Prezident İlham Əliyevin fəaliyyətində beynəlxalq hüquqa hörmət və sadiqlik xüsusi yer tutur. Antiterror əməliyyatı BMT Nizamnaməsinə və dövlətlərin öz ərazilərində təhlükəsizliyi təmin etmək hüququna tam uyğun şəkildə həyata keçirilmişdir. Bu amil beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilmiş, Azərbaycanın haqlı mövqeyi bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən anlayışla qarşılanmışdır.

Əldə olunan suverenlik bərpası yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş və tam nəzarətə götürülmüş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmişdir. İnfrastruktur layihələri, sosial obyektlərin tikintisi, əhalinin mərhələli şəkildə geri qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu proseslər göstərir ki, Prezident İlham Əliyev yalnız qələbə qazanan lider deyil, eyni zamanda sülh və inkişafı təmin edən dövlət xadimidir.

Antiterror əməliyyatı həm də regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın məqsədi münaqişə deyil, sülh və əməkdaşlıqdır. Suverenliyin bərpası bu məqsədlərin reallaşması üçün möhkəm zəmin yaratmışdır.

Antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin gücünü, ordumuzun qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi uğurun memarı olan Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın uğurlu inkişaf yolunun bariz nümunəsidir. Onun qətiyyətli liderliyi sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etmiş, yeni reallıqlar yaratmış və gələcəyə inamla addımlamaqdadır.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatı məsləhətçisi