19 dekabr 2025 09:39
109

Böyük Qayıdış proqramı uğurla davam edir

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik tarixində mühüm və taleyüklü hadisədir. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz torpaqları üzərində tam nəzarəti təmin etmişdir. Bu tarixi nailiyyət Prezident cənab İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və milli maraqlara əsaslanan strateji qərarları sayəsində mümkün olmuşdur. Məhz bu siyasətin davamı olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması prosesi bu gün uğurla həyata keçirilir.

Uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bölgələri böyük dağıntılara məruz qalmışdı. Şəhərlər, kəndlər, infrastruktur obyektləri tamamilə məhv edilmiş, əhali doğma yurdlarından didərgin salınmışdı. Prezident İlham Əliyev müharibədən dərhal sonra bəyan etmişdir ki, azad edilmiş torpaqlar yenidən qurulacaq, həyat ora qayıdacaq və məcburi köçkünlər öz doğma yurdlarına ləyaqətlə geri dönəcəklər. Bu bəyanat qısa müddət ərzində real dövlət siyasətinə çevrilmişdir.

Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri kompleks və sistemli xarakter daşıyır. Dövlət başçısının rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı hazırlanmış və icrasına başlanılmışdır. Bu proqram çərçivəsində yaşayış məntəqələrinin yenidən salınması, müasir infrastrukturun qurulması, sosial obyektlərin tikintisi və iqtisadi fəaliyyətin bərpası əsas prioritetlər kimi müəyyən edilmişdir. Məskunlaşdırma prosesi mərhələli şəkildə və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri müasir şəhərsalma konsepsiyalarının tətbiqidir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır. Bu layihələr ekoloji cəhətdən təmiz, enerjiyə qənaət edən, müasir texnologiyalara əsaslanan yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. Zəngilan rayonunun Ağalı kəndi bu konsepsiyanın ilk uğurlu nümunəsi kimi tarixə düşmüşdür. Burada qısa müddət ərzində müasir evlər, məktəb, tibb məntəqəsi, sosial obyektlər inşa olunmuş və ilk sakinlər doğma yurdlarına qayıtmışdır.

İnfrastrukturun bərpası məskunlaşdırma siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə azad edilmiş ərazilərdə yeni avtomobil yolları, dəmir yolları, elektrik xətləri, su və qaz təchizatı sistemləri sürətlə qurulur. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, iqtisadi və sosial inkişaf üçün də mühüm zəmin yaradır.

Sosial infrastrukturun yaradılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azad edilmiş ərazilərdə məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət evləri, idman kompleksləri tikilir. Bu obyektlər əhalinin rahat yaşayışını təmin etməklə yanaşı, insan kapitalının inkişafına da xidmət edir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, qayıdan vətəndaşlar üçün bütün şərait yaradılmalı, onların rifahı yüksək səviyyədə təmin olunmalıdır.

İqtisadi inkişaf və məşğulluq məsələləri məskunlaşdırma prosesinin ayrılmaz hissəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələrdə “yaşıl enerji zonası” konsepsiyası həyata keçirilir. Günəş, külək və su enerjisi potensialından səmərəli istifadə Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirir.

Dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi, investisiya təşviqi proqramları bölgəyə yerli və xarici sərmayələrin cəlb olunmasına şərait yaradır. Yeni müəssisələrin yaradılması iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir. Bu isə qayıdan əhalinin daimi və dayanıqlı məskunlaşmasını təmin edən əsas amillərdəndir.

Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman mərkəzi yer tutur. Məcburi köçkünlərin sosial müdafiəsi, məşğulluğu və həyat şəraitinin yaxşılaşdırılması dövlət proqramlarının əsas məqsədidir. Qayıdan ailələrə müasir evlər təqdim olunur, sosial dəstək tədbirləri həyata keçirilir, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə planlı, ardıcıl və uğurla davam edir. Bu proses Azərbaycanın güclü dövlət olduğunu, öz vətəndaşlarının rifahını prioritet hesab etdiyini bir daha sübut edir. Böyük Qayıdış siyasəti milli birliyimizi daha da möhkəmləndirir və ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Ariz Məmmədli,
YAP Xətai rayon təşkilatının fəalı