Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi və dayanıqlı inkişafın möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Müstəqil Azərbaycanın Konstitusiyası bu prinsiplərin hüquqi təməlini təşkil etməklə yanaşı, suverenliyin, ədalətin və humanizmin təminatçısı kimi çıxış edir. Məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ölkəmizin dövlətçilik tarixində mühüm ictimai-siyasi hadisə olmaqla yanaşı, hüquqi və mənəvi dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Bu strateji il çərçivəsində Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi təşəbbüsü dövlətin cəza siyasətində humanist yanaşmanın, fərdi məsuliyyət və sosial ədalət prinsiplərinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Amnistiya təşəbbüsü Konstitusiyanın insan hüquq və azadlıqlarına dair müddəalarının real həyatda tətbiqinin mühüm mexanizmlərindən biri kimi çıxış edir.
Qeyd edək ki, dayanıqlı inkişaf yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu anlayış eyni zamanda hüquqi sabitliyi, sosial rifahı, insan potensialının qorunmasını və cəmiyyətin mənəvi sağlamlığını əhatə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti məhz bu kompleks yanaşmaya əsaslanır. Dövlətin gücü yalnız sərhədlərin qorunmasında deyil, həm də vətəndaşa göstərilən mərhəmətdə, ədalətdə və hüquqi təminatlarda öz əksini tapır.
Amnistiya institutunun tətbiqi cəmiyyətin sosial harmoniyasının qorunmasına, fərdlərin yenidən ictimai həyata inteqrasiyasına və hüquqi münasibətlərdə balansın saxlanılmasına xidmət edir.
Humanizm Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin əsas ideoloji dayaqlarından biridir. Prezidentin təşəbbüsü ilə həyata keçirilən əfv və amnistiya aktları cəzanın təkcə cəzalandırıcı deyil, həm də tərbiyəedici və bərpaedici funksiyasını ön plana çıxarır. Bu yanaşma beynəlxalq hüquq normalarına və ümumbəşəri humanizm dəyərlərinə tam uyğundur.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü də məhz bu humanist yanaşmanın növbəti təzahürüdür və dövlətin vətəndaşa olan inamını ifadə edir.
Xüsusi ilə qeyd edilməlidir ki, amnistiya aktı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bir sıra kateqoriyalara aid şəxslərə şamil olunur. Bunlara ilk növbədə:
az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslər,
cəzaçəkmə müddətinin müəyyən hissəsini başa vurmuş məhkumlar,
qadınlar, yaşı 18-dək olanlar və yaşlı şəxslər,
əlilliyi olan şəxslər və digər sosial həssas qruplar daxildir.
Bu yanaşma fərdi xüsusiyyətlərin nəzərə alınması və ədalət prinsipinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, qəbul edilməsi nəzərdə tutulan amnistiya aktı əhatə dairəsinə və şamil olunacaq şəxslərin sayına görə müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktı kimi qiymətləndirilir. Bu fakt Prezident İlham Əliyevin humanizmə, sosial ədalətə və hüquqi dövlət prinsipinə verdiyi önəmin bariz göstəricisidir. Qeyd edilməlidir ki, ötən dövr ərzində ölkəmizdə 12 amnistiya aktı və 71 əfv sərəncamı həyata keçirilmişdir. Bu göstəricilər Azərbaycan dövlətinin cəza siyasətində humanist xəttə sadiqliyini və bu siyasətin sistemli xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi dövründə humanizm, mərhəmət və hüquqi ədalət prinsipləri dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, sosial və insanpərvər təşəbbüsləri cəmiyyətimizdə mərhəmət, tolerantlıq və sosial məsuliyyət dəyərlərinin möhkəmlənməsinə mühüm töhfələr verir. Bu ümumi humanist mühit əfv və amnistiya siyasətinin cəmiyyət tərəfindən müsbət qarşılanmasında mühüm rol oynayır.
Ümumiyyətlə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin hüquqi dövlət, güclü suverenlik və humanizm prinsiplərinə əsaslanan siyasətinin məntiqi davamıdır. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünün onun ədalətində, mərhəmətində və vətəndaşına verdiyi dəyərdə ifadə olunduğunu bir daha təsdiqləyir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Humanizm həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir
Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu