19 dekabr 2025 16:30
110

Qubada əmək yarmarkası: 32 boş iş yeri, 750 manatadək maaş

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qubada keçirilən əmək yarmarkasında işaxtaranlara 30-dan çox boş iş yeri təklif olunub.

“İki sahil” xəbər verir ki, təklif edilən işlərdə əməkhaqqı 400-750 manat aralığında olub.

Quba “ASAN Həyat” kompleksinin “ASAN təlim-tədris” mərkəzində keçirilən əmək yarmarkasının əsas məqsədi işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox turizm, tibb, təhsil, satış, maliyyə-kredit və xidmət sahələri üzrə olub.

Təklif edilən iş yerlərinin 22-si peşə ixtisası tələb edən vakansiyadır. Yarmarkaya çıxarılan vakansiyaların 6-sı həkim, 6-sı satıcı-kassir, 2-si kredit mütəxəssisi, 2-si buldozer maşinisti, 2-si ekskovatorçu, 3-ü hidrotexnik, 1-i bələdçi və sairə ixtisas və peşələrdir.

Tədbirin gedişatında işəgötürənin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Filial tərəfindən əmək yarmarkasına çıxarılan vakansiyalara dair tələblər təhlil olunaraq, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 500-dən çox vətəndaşla iş aparılıb.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.