19 dekabr 2025 17:56
94

Avropa Parlamenti  hüququ deyil, öz maraqlarını müdafiə edir

Avropa Parlamentinin Azərbaycan dövlətinə, qanunvericiliyinə qarşı növbəti böhtan xarakterli sənəd qəbul etmişdir.  Əlbəttə ki, bu təşkilatın 18 dekabr 2025-ci il tarixli Qətnaməsinin heç bir hüquqi əsası yoxdur. Həqiqəti əks etdirmən və  saxta iddialar əsasında hazırlanmış bu sənəd, Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqına qarşı törədilmiş konkret cinayət əməllərinə siyasi don geyindirməyə çalışır. AP ölkəmizin suverenlik hüququna hörmətsizlik edir, hüququn aliliyini pozur. Bu Qətnamə Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

30 ildən artıq  Azərbaycanın əraziləri  işğala məruz qaldı. Yüzlərlə şəhər və kəndlərimiz viran edildi,  tarixi və mədəni irsimiz dağıdıldı. Bir  milyondan artıq Azərbaycan vətəndaşının ən adi hüquqları pozuldu. O zaman Avropa Parlamenti  heç bir sənəd qəbul etmədi. Əksinə, bizi reallığı qəbul etməyə səsləyirdi. Biz Avropa Parlamentinin 44 günlük Vətən Müharibəsində, Tarixi Qələbədən sonra da dəfələrlə qərəzli qətnamələr qəbul etdiyinin şahidi olmuşuq.   

Bu cür ədalətsiz qərarlar Azərbaycan üçün heç bir məna daşımır. Hər bir dövlət öz təhlükəsizliyini, milli maraqlarını qorumalıdır. Bu Qətnamə bir daha göstərir ki, Avropa Parlamenti   hüququ deyil,   öz maraqlarını müdafiə edir.  Bu siyasi riyakarlıqdır. Bir daha böhtan xarakterli Qətnaməni pisləyir və qəbuledilməz olduğunu bildiririk. Heç bir hüquqi əsası olmayan bu qərarlar Azərbaycanın inkişafına, daha da güclənməsinə  əngəl yarada bilməz.

Hicran Hüseynova, 

Milli Məclisin komitə sədri