Fransanın daxili işlər naziri Loran Nunes Yeni il bayramı ərəfəsində respublika üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə regionların prefektlərinə məktub göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb. Məlumata görə, terror təhlükəsinin çox yüksək səviyyədə olması və ictimai asayişin pozulması riskləri ilə əlaqədar olaraq Nunes hüquq-mühafizə qüvvələrinin nəzərəçarpacaq dərəcədə iştirakını təmin etməklə, ölkənin bütün ərazisində təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.
İnsanların kütləvi toplaşdığı yerlər daimi nəzarət altında olacaq, bu zaman ictimai nəqliyyata xüsusi diqqət yetiriləcək.
Məktubda Yeni il şənlikləri zamanı baş verə biləcək mümkün iğtişaşlar mövzusuna toxunan Nunes prefektlərdən pirotexniki vasitələrin dövriyyəsini yaxından izləməyi tələb edib. AFP dəqiqləşdirib ki, söhbət xüsusilə atəşfəşanlıq vasitələrinin satışı və daşınmasına qoyulan müvəqqəti qadağalardan gedir.