22 dekabr 2025 01:15
91

Qalib Xalqın Qalib Lideri

Bəşəriyyətin siyasi tarixi nəhəng şəxsiyyətlərin öz xalqına bəxş etdiyi qəhrəmanlıqların və qələbələrin salnaməsidir. Xalqın yetişdirdiyi ən böyük sərvət hesab edilən liderlər nəticə etibarilə təmsil etdiyi toplumun şərəf tarixinin müəllifi olurlar. Azərbaycan tarixinin parlaq səhifələri ayrı-ayrı dövrlərdə xalqımıza unudulmaz qələbələr töhfə etmiş dahilərin gələcəyimizə işıq saçan zəngin irsidir.

XX əsrin 70-ci illərindən etibarən başlayan Azərbaycanın intibahı və onun məntiqi yekunu sayılan müstəqil Azərbaycan dövlətinin qurulması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin möhtəşəm və birbaşa nəticəsini ifadə edir. Ölkəmizin XXI əsrin əvvəllərindən start götürən ecazkar yüksəlişi və çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən 2020-ci ilin Böyük Zəfər salnaməsi isə Prezident İlham Əliyevin müstəsna xidmətləri və şəxsi şücaəti sayəsində reallaşmışdır. Bu Qələbə xalqına layiq olan Liderin və liderinə sadiq olan Xalqın qəhrəmanlıq dastanını xatırladır. Hər bir Lider öz xalqının yetirməsi, hər bir ölkə  Liderinin əsəridir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

7 fevral 2024-cü il keçirilən növbədənkənar prezident seçkilərində müzəffər Ali Baş Komandanımız, Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş görkəmli dövlət xadimi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, milli dövlətçilik tariximizdə yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadim, zəfər səlnaməsinin müəllifi, Möhtərəm Prezident cənab İlham Əliyev  92 faizdən çox səslə uğur qazanaraq  Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçillmişdir.  Prezident seçkilərində azərbaycan xalqı yenidən xalqın müdrik və dəyişməz seçiminə əsaslanaraq, növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs verdilər.  Bu seçkilərdə bütün dünya aktiv fəallığın, demokratiyanın və şəffavlığın şahidi oldu.

Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti,  sürətli iqtisadi tərəqqi başlıca təminatlarından biridir. Eyni zamanda, Böyük - möhtəşəm Qələbəmiz başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və  20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticələri müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuşdur.  Belə ki, bu seçkilər Qarabağın tam azad olunmasından sonra, müstəqil Azərbaycanımızda keçirilən ilk demokratik və şəffaf seçki idi. Bu seçkilər hər bir azərbaycan vətəndaşında böyük şərəf və iftixar hissi yaratdı.  Bəli, Möhtərəm cənab Prezidentimiz  tarix yaradan liderdir!

Möhtərəm cənab Prezidentimizin qələbəsi hər birimizin qələbəsidir! Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!

Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Vüqar Ələkbərov,
Bakı şəhəri, Xətai  rayonu, 249 saylı orta məktəbin tarix müəllimi