22 dekabr 2025 01:09
78

Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi inkişaf yolunda inamla irəliləyir

Azərbaycan xalqının müasir tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.

İlham Əliyev 2003-cü ildən etibarən Prezident kimi fəaliyyətə başlamış və bu müddət ərzində ölkədə sabitliyin qorunması, iqtisadi inkişafın sürətləndirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Onun rəhbərliyi ilə reallaşdırılan neft-qaz strategiyası, beynəlxalq enerji layihələri və infrastruktur proqramları Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində şəffaflığın artırılması, məmur-vətəndaş münasibətlərinin sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. ASAN xidmət mərkəzlərinin yaradılması korrupsiyaya qarşı mübarizədə və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynamışdır. Dövlət xidmətlərinin elektronlaşdırılması idarəetmədə müasir yanaşmanın tətbiqini təmin etmişdir. Eyni zamanda, İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədi ölkənin neftdən asılılığını azaltmaq olmuşdur. Qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatına dövlət dəstəyi  bu siyasətin əsas istiqamətlərini təşkil etmişdir. Həmçinin, strateji valyuta ehtiyatları artırılmışdır.  Prezident İlham Əliyev sosial sahəyə xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə minimum əməkhaqqı və pensiyalar dəfələrlə artırılmış, sosial müavinətlər genişləndirilmişdir. Təhsil və səhiyyə sahələrində islahatlar aparılmış, yeni məktəblər, xəstəxanalar   tikilmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Ordusu tamamilə yenidən qurulmuş, müasir silah və texnika ilə təchiz edilmişdir. Peşəkar hərbi kadr hazırlığı gücləndirilmiş, ordunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artırılmışdır.

Prezident İlham Əliyevin fəaliyyətində ən mühüm tarixi hadisə 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan Qələbədir. 44 gün davam edən bu müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, düzgün strateji qərarları və xalq–ordu–lider birliyi bu tarixi Zəfərin əsasını təşkil etmişdir. Müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmış, “Böyük Qayıdış” proqramı həyata keçirilməyə başlanmışdır. Prezident İlham Əliyev bu ərazilərə dəfələrlə səfər edərək görülən işləri şəxsən nəzarətdə saxlamışdır.

Bütün bu fəaliyyətlər göstərir ki, İlham Əliyevin   fəaliyyəti dövrü Müasir Azərbaycanın “çiçəklənmə, intibah dövrü” kimi dəyərləndirilir. O Müzəffər komandan, qalib  xalqın  qalib lideridir. Onun rəhbərliyi ilə Azərbaycan güclü, müstəqil və qalib dövlət kimi inkişaf yolunda inamla irəliləyir.

Sevinc Həsənova,
İ.Cəfərov adına  260 nömrəli tam orta məktəbin Tarix müəllimi