22 dekabr 2025 01:35
86

Avstraliyada silahlı hücumun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Avstraliyada “Bondi” çimərliyində baş vermiş silahlı hücumun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"İki sahil" “The Guardian”a istinadla xəbər verir ki, anım mərasimi hücumdan bir həftə keçməsi münasibətilə ölkə üzrə elan olunmuş milli düşünmə və xatırlama günü çərçivəsində təşkil olunub. Yəhudi Hanuka bayramının qeyd edildiyi tədbir zamanı iki silahlı şəxsin atəş açması nəticəsində 15 nəfər həlak olub. Ölənlər arasında 10 yaşlı qız, Böyük Britaniyada doğulmuş ravvin və Holokostdan sağ çıxmış bir şəxs də var.

Mərasimdə Avstraliyanın Baş naziri Entoni Albaniz də iştirak edib. Onun tədbirə gəlişi zamanı səsləndirilən etirazlar ölkədə son aylarda antisemit hücumların artması fonunda yəhudi icmasının hökumətə ünvanladığı narazılığın ifadəsi kimi dəyərləndirilib.

Minlərlə insanın qatıldığı mərasimdə iştirakçıların bir qismi yəhudi baş örtüyü olan kippa taxıb, digərləri isə Avstraliya bayraqlarına bürünüb.